İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hökumətində baş nazir müavini və qurumlar və maliyyə naziri vəzifəsini icra edən İsmayıl Barhumun zərərsizləşdirildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Xan Yunis bölgəsində dəqiq hava zərbəsi endirib. Nəticədə, Barhumla yanaşı, ötən həftə məhv edilən keçmiş HƏMAS baş naziri İssam əl-Dalisin varisi də öldürülüb.
İsrail ordusu Barhumun HƏMAS-ın maliyyə vəsaitlərini idarə etdiyini və onları təşkilatın hərbi qanadına yönləndirdiyini bildirib. Onun İsrailin təhlükəsizliyinə təhdid yaradan terror fəaliyyətini maliyyələşdirdiyi qeyd edilib.
Məlumatlara görə, Barhum “Naser” xəstəxanasına endirilən hava zərbəsi nəticəsində məhv edilib.
Xatırladaq ki, İsrail bu həftə, təxminən iki aylıq atəşkəs rejimindən sonra Qəzza zolağında hərbi əməliyyatları yenidən başlayıb. İsrail rəsmiləri bunu HƏMAS-ın atəşkəsin uzadılması və İsrail girovlarının azad edilməsi ilə bağlı ABŞ planını qəbul etməməsi ilə əsaslandırıb.
Aysu İbrahimova