AZ

Trampın 27 yaşlı "dəmir səsi" – Karolina Livitt Ağ Evdə yeni nizam yaradır: Dua ilə brifinq, mediaya senzura, alternativ jurnalistlərə yaşıl işıq

Musavat.com xəbər verir ki, “The Washington Post” qəzetində ABŞ prezidenti Donald Trampın yeni mətbuat katibi Karolina Livitt haqqında geniş və rezonans doğuran bir məqalə dərc olunub. Yazıda Livittin siyasi formalaşmasından tutmuş, Ağ Evdə yaratdığı yeni media düzəninə qədər bir çox diqqətçəkən məqamlar əks olunub.

Musavat.com oxucuları üçün həmin yazının əsas məqamlarını təqdim edirik.

Brifinqdən əvvəl dua, brifinqdə Trampın “alternativ həqiqətləri”

27 yaşlı Karolina Livitt Tramp administrasiyasının yeni siması, Ağ Ev mətbuat zalının isə dəyişən üzü sayılır. Hər həftə brifinqdən əvvəl komandasını bir araya toplayıb dua edən Livitt, özünü Allahın verdiyi “natiqlik bacarığı” ilə Trampın mesajlarını ictimaiyyətə çatdırmaq missiyası daşıyan biri hesab edir.

Brifinqləri zamanı klassik mediaya qarşı sərt ritorika nümayiş etdirən Livitt, bir dəfə Associated Press-i “yalan yaymaqda” ittiham edib və bildirib: “Luiziana sahillərindəki su hövzəsi Amerika Körfəzi adlanır, və bunu başqa cür adlandırmaq yalandır!”

Tarixi baxımdan bu bölgə 400 ildən artıqdır ki, “Meksika Körfəzi” kimi tanınır və AP bu adı saxlayacağını bəyan edib. Cavab olaraq, Karolina AP-nin Ağ Evdəki xüsusi çıxış imkanlarını ləğv edib.

“Alternativ faktlar” dövrü yenidən canlanır

Livitt ilk brifinqində DOGE (Department of Government Efficiency -Hökumət Effektivliyi Departamenti - ABŞ-da federal xərcləri azaltmaq və hökumət fəaliyyətini optimallaşdırmaq məqsədilə yaradılmış müvəqqəti təşkilatdır - Musavat.com) vasitəsilə Qəzzada prezervativ layihələrinə 50 milyon dollar xərcləndiyini iddia edib. Bu iddianın əsası olmasa da, artıq ABŞ cəmiyyətinin bu cür açıqlamalara reaksiya vermədiyi müşahidə olunur.

Ağ Evdə yeni media düzəni: Breitbart, Daily Wire, podkastçılar və sosial media ulduzları

Washington Post yazır ki, Livittin rəhbərliyi altında Ağ Ev ənənəvi medianı sıxışdırır, onun yerinə Trampa yaxın “alternativ media” təmsilçilərinə brifinqlərdə ilk sual vermə hüququ təqdim edilir.

Bu “yeni media” sırasında Breitbart, Daily Wire, Turning Point USA, Real America’s Voice kimi sağçı media platformaları və sosial media influenserləri yer alır. İdman jurnalistikasından siyasətə keçən Sage Steele isə brifinqdə Leavittə “Title IX-u gələcək administrasiyalardan necə qorumaq olar?” sualını verib və həmin gün Tramp trans qadınlar arasında yarışmasına qadağa qoyan fərman imzalayarkən yanında görünüb.

“HuffPost ölüb, elə bildim hələ də var?” – Trampdan sərt cavab

Qəzet yazır ki, Tramp administrasiyası jurnalistlərə qarşı açıq təzyiq siyasəti aparır. Məşhur müxbir S.V. Dáte, vitse-prezident Cey Di Vensin məhkəmələrin icra hakimiyyəti üzərində səlahiyyətini tənqid edən paylaşımı barədə Trampa sual verərkən, Tramp belə cavab verib:

“HuffPost? Elə bildim artıq bağlanıb. Sən kimsən, ümumiyyətlə?”

Bundan sonra HuffPost-un brifinq rotasiyasından çıxarılması medianın senzura ilə üzləşdiyini sübut edir. New York Times-ın baş müxbiri Peter Baker deyib:

“Açıq şəkildə mesaj verilir: əgər yazdıqlarımız xoşlarına gəlməsə, bizi çıxara bilərlər”.

Ofissiz mətbuat katibi – lakin güclü təsir sahibi

Əvvəlki sözçülərə verilən Oval Ofisə yaxın, böyük iş otağı Karolinaya yox, onun patronu olan Budoviçə verilib. Lakin bu, Karolinanın nüfuzuna təsir etməyib. O, Trampın “səsi”, onun siyasi təbliğat maşınının parlaq siması kimi ön plandadır.

Karolina Livitt artıq sadəcə bir mətbuat katibi deyil – o, “Tramp Amerikası”nın informasiya siyasətinin arxasındakı strateq, brifinqləri ilə medianı bölən, yeni jurnalist nəsli formalaşdıran, konservativ narativləri ictimai şüura yeridən güclü fiqurdur. Onun fəaliyyəti təkcə jurnalistikaya deyil, ABŞ-ın informasiya məkanına ciddi təsir göstərməkdədir.

Mənbə: https://www.washingtonpost.com/style/power/2025/03/24/karoline-leavitt-trump-press-secretary/

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr