İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib.
Bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Onun digər əmri ilə RLS-ə rəhbərlik Vasif Rzayevə həvalə olunub.
Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.
Mənbə: “Report”
Əlavə olaraq oxu:
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.
“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş stansiya Hind okeanı regionunda – 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.