Cümə günü Türkiyə çempionatının 29-cu turunda səfərdə ''Bodrum'' ilə qarşılaşacaq ''Fənərbaxça'' hücum bölgəsində problemlər yaşayır.
''Football-plus.az'' xəbər verir ki, iki önəmli forvard - Edin Ceko ilə Yussef Ən-Nəsirinin bu qarşılaşmada iştirakı sual altındadı.
Cekonun Bosniya və Herseqovina yığmasının heyətində səfərdə Rumıniya ilə oyunda burnu qırıldı. Ona görə də onun meydana çıxıb çıxmayacağı bilinmir. Ümumiyyətlə, təcrübəli forvardın bir müddət qoruyucu maska ilə oynayacağı gözlənilir. Mərakeş yığması ilə iki oyun keçirən Ən Nəsiri isə İstanbula ən yaxşı halda cümə axşamı qayıdacaq. Onun komanda ilə birlikdə məşqə çıxmaq imkanı olmayacaq.
Maraqlıdı ki, digər hücumçu Cenk Tosun bu həftəsonuna qədər Yaponiya təmsilçisi ''Urava Red Daymonds''a transfer olunmalı idi. Artıq klubla təcrübəli futbolçu arasında ilkin anlaşma da əldə olunmuşdu. Amma Joze Mourinyonun qərarı ilə bu transfer ləğv olunub. Portuqaliyalı mütəxəssis Ən-Nəsiri ilə Cekonun durumunu nəzərə alaraq Cenkin komandada qalmasını istəyib. Keçidin ləğv olunması ciddi problem yaratmayıb. Çünki hələ heç bir rəsmi müqavilə imzalanmamışdı.
Eləcə də yaponlar ''Fənər''ə zatən heç bir təzminat ödəməyəcəkdi. ''Bodrum''la qarşılaşmada hücumun mərkəzində Anderson Talişkanın qərarlaşacağı gözlənilir. Mourinyo braziliyalı futbolçunu bu oyuna xüsusi olaraq hazırlayır.
Cenk Tosun isə ikinci hücumçu qismində ehtiyatda gözləyəcək.