Türkiyənin Hələbdəki Baş konsulu Muammer Hakan Cengiz və vitse-konsul Erin martın 26-da Ermənistanın bu şəhərdəki konsulluğuna baş çəkiblər.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Konsulluğu məlumat yayıb.
Baş konsul Ara Avetisyan qonaqları salamlayaraq, ilk növbədə Hakan Cengizi uzun fasilədən sonra Türkiyə Konsulluğunun yenidən fəaliyyətə başlaması, həmin vəzifəyə təyin olunması və Ramazan ayı münasibəti ilə təbrik edib. Avetisyan vurğulayıb ki, Ermənistan Respublikasının Baş Konsulluğu Hələbdə 30 ildən artıqdır fəaliyyət göstərir və yarandığı gündən, hətta Hələbdəki mühasirə və müharibə zamanı da fəaliyyətini heç vaxt dayandırmayıb.
Avetisyan son vaxtlar rəsmi Ankaranın Ermənistandan Suriyaya humanitar yardımın daşınmasında göstərdiyi dəstəyə və yük maşınlarının Türkiyədən maneəsiz keçməsinə görə minnətdarlığını bildirib.
Qəbul üçün təşəkkürünü bildirən türk konsul diplomatik etika qaydalarına əsaslanaraq Hələbdə fəaliyyət göstərən yeganə diplomatik nümayəndəliyə baş çəkməyi və erməni həmkarı ilə yaxından tanış olmağı özünə borc bildiyini qeyd edib.
Ermənistan Respublikasının baş konsulu türk həmkarına çətin missiyasında uğurlar arzulayıb. Görüşün sonunda Cengiz qəbula görə Avetisyana səmimi təşəkkürünü bildirib və onu Türkiyənin Baş Konsulluğunun açılışına dəvət edib. Avetisyan dəvəti qəbul edib və tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bir müddət öncə 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədi müvəqqəti olaraq açılıb. Bunun İrəvanın Suriyaya yardımlarının çatdırılması üçün edildiyi açıqlanıb./Globalinfo.az