Kanada yığmasının və “Bayern”in sol cinah müdafiəçisi Alfonso Deyvis çarpaz bağın zədəsini bərpa etmək üçün uğurlu əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Kanadalı oyunçu zədə səbəbindən mövsümün qalan hissəsində oynamayacaq. Onun dəqiq bərpa müddəti barədə məlumat verilmir.
Xatırladaq ki, Alfonso Kanada millisinin son toplanışında olarkən zədələnib. O, ABŞ yığmasına 2:1 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb.
Alfonso Deyvis futbola “Edmonton İnterneyşenls” klubunda qədəm qoyub, buradan “Edmonton Straykers”ə və ardınca isə “Vankuver Uaytkeyps”ə keçərək, böyük futbolda debüt edib.
2019-cu ilin yanvarında “Bayern” 14 milyon avro məbləğində xərc çəkərək, kanadalı futbolçunu “Vankuver Uaytkeyps”dən öz düşərgəsinə qatıb. Deyvisin “Bayern”lə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Deyvis “Bayern”in heyətində 31 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kanadalı futbolçunun Almaniya nəhənginin düşərgəsində çıxışının ümumi mənzərəsi isə 226 oyun, 14 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Alfonso Deyvis 2017-ci ilin iyun ayında debüt etdiyi Kanada yığmasının heyətində 58 oyun keçirib, 15 qol vurub, 18 məhsuldar ötürmə verib.
Alfonso Deyvisin qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqası çempionluğu (5 dəfə), Almaniya Kuboku (2 dəfə), Almaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku var.
Fərdi qənimətlərə gəlincə, Deyvis Kanadada 4 dəfə (2018, 2020, 2021, 2022) “İlin futbolçusu” seçilib. Həmçinin Deyvis 3 qolla 2017-ci il CONCACAF Qızıl Kubokunun ən sərrast qolçusu olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı kanadalı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirilir.