AZ

Malayziyaya səyahət neçəyə başa gəlir? - Viza tələbi yoxdur

Təranə Məhərrəmova 

Səyahət jurnalisti

Malayziya turistləri zənginliyi və rəngbərəng təəssüratları ilə cəlb edir.

Ölkə ilin bütün fəsillərində səyahət üçün münasib istiqamətdir. May ayı ilə sentyabr arası səyahət üçün ideal vaxt hesab olunur. Məbədlər, məscidlər, muzeylər, yaşıl adalar, landşaft, müstəmləkə dövrünün binaları, multikultural atmosfer istər tarixi sevən, istər ekoturistlərə, istərsə də biznes adamlarına unudulmaz təəssüratlar və gəzintilər vəd edir.
 
Azərbaycanlılardan Malayziyaya daxil olmaq üçün viza tələbi yoxdur. Ölkənin paytaxtı Kuala Lumpura gün ərzində 40-dan çox aviaşirkətin uçuşları həyata keçirilir. Ölkədə 6 beynəlxalq, 14 daxili hava limanı fəaliyyət göstərir.

Azərbaycanla Malayziya arasında saat fərqi 4 saatdır. Ölkədən və məsafədən asılı olaraq bilet qiymətləri 200-500 dollar arasında dəyişir.

Beynəlxalq KLİA hava limanı şəhər mərkəzindən 50 km məsafədə yerləşir. Hava limanının sərhəd-keçid məntəqəsində QR oxutmaqla miqrasiya sənədi doldurmalısan. Sərhədçilər geri dönüş biletini, hotel rezarvasiyalarını mütləq tələb edirlər. Miqrasiya şərtləri ölkədə 30 gün qalmağa imkan verir.

Bakıdan Malayziyaya birbaşa hava reysi yoxdur. Malayziyaya səyahətə gedənlər "Air Arabiya" hava şirkəti ilə Bakı-Şarja-Malayziya uçuşundan istifadə edə bilirlər. Şarja ilə Malayziya arasında uçuş 7 saat davam edir. Şirkətin ildə bir dəfə həyata keçitdiyi endirimlə bileti 100 dollaradək almaq mümkündür.

Paytaxt Kyala Lumpurun hava limanından şəhər mərkəzinə rahat taksilər, aeroekspresslər və avtobuslar işləyir. Maşinistsiz qatarlar 6-7 dəqiqə intervalla  hərəkət edir.

Taksilər sayğacdan və tıxacdan asılı olaraq sərnişinləri 40-50 dollar arası qiymətlə  şəhər mərkəzinə daşıyır. Rəsmi taksilər əsasən parlaq qırmızı rəngdədir. Şəxsi taksilərin sürücüləri ilə qiymətdə razılaşmaq olur. Məsələn, hindli sürücüyə hotelə qədər məsafə üçün 30 dollar ödədik. Gecələr taksilərin qiyməti 50 faiz bahalaşır. Buna görə ölkəyə gecə çatan əksər sərnişinlər səhəri hava limanında qarşılamağa üstünlük verirlər. Taksilər rənginə görə qiymətləri dəyişir. Qırmızı-ağ taksilərdən istifadə nisbətən ucuz başa gəlir.

Yalnız 23 yaşdan yuxarı insanlar maşın icarəyə götürə bilərlər. Bunun üçün beynəlxalq sürücülük lisenziyasına malik olmaq lazımdır. Bir günlük icarə haqqı 100-120 dollardır.

Hava limanından şəhərə gecə avtobusları yoxdur. Yalnız səhər 5.00-dan avtobusların hərəkəti başlayır (7 dollar).

Şəhər daxilində avtobuslardan istifadə edəndə gündəlik kartlar almaq (11 dollar) daha sərfəlidir. Avtobusların sarı, qırmızı, yaşıl rəngləri onların hansı istiqamətlərə- mərkəzə, şəhər kənarına və ya rayonlara hərəkətini göstərir. Şəhərlərarası avtobus üçün 8.60 & ödəmək lazımdır. Metrolarda giriş və çıxışda "jeton"dan istifadə olunur. Materik boyu su nəqliyyatı da inkişaf edib. 

"Go KL" avtobusları şəhər gəzintisində təqaüdçülər üçün ödənişsizdir. Turistlər isə şəhər gəzintiləri üçün 30 MYR ödəyirlər. 

Ölkədə rəsmi dil malay dilidir. 1960-cı illərdə Britaniya koloniyası olduğundan əhalinin çox qismi ingilis dilini yaxşı bilir. Amma 40 milyon yerli insan malay dilində danışır. Həmçinin malay dili Sinqapurun 4 rəsmi dilindən biridir. İndoneziyada da malay dilində danışılır.

Əhalinin 61 faizi müsəlmanlardır. İslam dini əsas din sayılır, həmçinin xristianlıq (9.1 faiz), çin dini (1faiz), buddizm (18 faiz), hinduizm (6.1.) və s. dinlərdən ibarət çox dinli və multikultural ölkədir. 

Malayziyanın öz qanunları var və gələn qonaqlar bu qaydalara ehtiramla yanaşır. Məsələn, məscidlərə və məbədlərə daxil olarkən ayaqqabını çıxarmaq lazımdır. Məbədlərə "dress-kod" mütləqdir. Qadınların müqəddəs yerlərə başları, ayaqları və çiyinləri açıq, kişilərin mayka və şortiklə daxil olması qadağandır. Kiçik dükanların çoxunda da ayaqqabını çöldə çıxarırlar. Küçədə öpüşmək müsəlman qaydalarına ziddir. Sol əllə nəsə almaq, başla kimisə göstərmək nəzakətsiz sayılır, suya zibil atmaq, xüsusən polietilen torbalar tullamaq olmaz. Restoranlarda spirtli içkilər verilmir. Ölkəyə narkotik, qanunsuz maddələr, silahlar və surətlərini, partlayıcı maddələr gətirənləri qanunlara görə ölüm hökmü və ya həbs gözləyir.

Ölkədə dövlət və özəl klinikalar fəaliyyət göstərir. Təcili yardım xidməti yoxdur. Zərərçəkən xəstələr özləri klinikalara gəlməlidirlər. Növbətçi apteklər də fəaliyyət göstərmir. Dərmanlar həkim resepti ilə satılır. Ona görə turistlərə özləri ilə müəyyən ağrıkəsici kimi dərmanlar götürmək tövsiyə olunur. 
Malaylar krallarına hörmətlə yanaşır, onu və ölkə siyasətini turistlərlə müzakirə etməyi sevmirlər.

Malayziyanın iqtisadiyyatı Cənub-Şərqi Asiyada 3-cü və dünyada 38-ci yerdədir. Əmək istehsalı qonşu Tailand, Vyetnam, İndoneziya ilə müqayisədə çox yüksəkdir və ixtisaslı mütəxəssislərlə təmin olunub. Ölkənin neft və qaz, meşə və kənd təsərrüfatı, faydalı qazıntıları, ölkə daxili bazarını təmin edən qızıl yataqları kimi təbii resursları var. Ona görə də qonşu ölkələrdən Malayziyaya miqrasiya çoxdur. "Burada iş imkanları və əmək haqqı yüksək, vergilər azdır. Son illər cinayət hadisələri və oğurluq halları demək olar ki, azalıb. Burada insanlar üçün azadlıq var" - deyə miqrantlardan biri söhbətində dedi. Orta aylıq əmək haqqı 4.400 MYR (1000 dollar) qeyd edilir.

Ölkədə milli pul Malayziya rinqqitidur (MYR). 1 ABŞ dollarının rinqqitə kursu 4.41 MYR və ya 1 AZN -  2.60 (MYR)-dir.  Turistlər adətən dolları yerli valyutaya dəyişirlər, bu hamıya sərf edir. Təkcə şəxsi taksi sürücülərindən başqa heç yerdə dollar qəbul edilmir.

Küçə ticarətində daha çox nağd puldan istifadə olunur. Böyük "mall"arda və restoranlarda bank kartları keçərlidir.

Paytaxt Kuala Lumpurda "Kiçik Hindistan" və "Çhinatown" kimi məhəllələr var. Çinlilər və hindlilər öz mədəniyyətləri, adət-ənənələri, mətbəxləri, din və dillərini qorumaqla yaşayırlar. 
Ölkədə düyü əsas istehsal sahələrindəndir. Hər il 2 milyon tondan çox düyü yetişdirilsə də, ölkə həmçinin xaricdən düyü ixrac edir. 

Ölkə universitetlərində xüsusən Asiyadan olan tələbələr təhsil alır. Təhsil sistemi inkişaf edib və əmək bazarına yönəli müasir ixtisaslara əsaslanır. Tələbə kartları gənclərə nəqliyyatdan istifadədə 50 faiz güzəşt qazandırır.

Turizm sektoru ölkənın əsas iqtisadi gəlirlərindəndir. Bir turistin günlük xərci təxminən 70-75 dollardır. Bu xərclərə  yemək (12-15 dollar), nəqliyyat (11 dollar), baha olmayan hoteldə qalmaq (40-45) dollar daxildır. Turistlər üçün ekzotik adalara gündəlik turların qiyməti 50-200 dollar arasında dəyişir.

Ölkənin paytaxtı əsasən orqanik qidalardan ibarətdir. Küçələrdə, kiçik kafelərdə yemək qiymətləri ilə "Petronas" kimi biznes mərkəzində yemək qiymətləri arasında fərq var. Məsələn, Hindistan və ya malay mətbəxində 6-9 dollar ödəməklə balıq, toyuq, düyüdən hazırlanmış yemək yeyə bilərsən. "Petronas" qülləsində bu qiymət 15-30 dollar arası dəyişir. 

Ölkədə dövlət və özəl xəstəxanalar var, ancaq təcili tibbi yardım xidməti yoxdur. Zərərçəkənlər və ya xəstələr özləri klinikalara gəlməlidirlər. Turistlərin  səyahət zamanı sığortasının olması çox vacibdir.

Pulsuz WiFi  hər yerdə var. Limitsiz tarif üçün gündəlik 2 dollar ödəmək lazımdır. Hava limanında yerli Simkart satılır və müddəti 30 gün davam edir.

Seçilən
50
1
valyuta.az

2Mənbələr