AZ

"Signalgate": Trampın komandası haqqında sensasiyalı araşdırma yayımlanıb

 
ABŞ-da "Signal" messenceri vasitəsilə dövlət sirlərinin sızdırılması ilə bağlı qalmaqal getdikcə böyüyür...
 
İnternetdə ABŞ prezidenti Donald Trampın administrasiyasının ən mühüm şəxslərinin şəxsi əlaqə məlumatlarını tapmaq mümkündür.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalının araşdırmasında deyilir. Məlumatı "yenisafak.com" nəşri yayıb.
 
Nəşrin jurnalistləri Ağ Evin yüksək vəzifəli məmurlarına- milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, milli kəşfiyyat direktoru Talsi Qabbard və müdafiə naziri Pit Heqsetə məxsus mobil telefon nömrələrini, elektron poçt ünvanlarını və hətta bəzi parolları aşkar edib. Axtarış üçün kommersiya məlumat bazalarından, həmçinin internetdə yayımlanmış sızdırılmış istifadəçi məlumatlarından istifadə olunub.
 
"Bild" araşdırmaçıları yazır: "Bu nömrələrin və e-poçt ünvanlarının əksəriyyəti görünür, hələ də istifadə olunur. Bəziləri "Instagram" və "LinkedIn" kimi sosial şəbəkə profilləri ilə əlaqəlidir. Onlardan "Dropbox" hesabları yaratmaq və addım sayan mobil tətbiqlərdə qeydiyyatdan keçmək üçün də istifadə edilib. Müvafiq telefon nömrələri üçün "WhatsApp" profilləri və bəzi hallarda "Signal" hesabları da mövcuddur."
 
Jurnalistlər belə nəticəyə gəlib ki, bu araşdırma Vaşinqtonun ən yüksək səviyyələrində daha öncə məlum olmayan ciddi bir təhlükəsizlik pozuntusunu ortaya çıxarıb: "Düşmən kəşfiyyat xidmətləri bu açıq məlumatlardan onların cihazlarına casus proqramlar yerləşdirmək üçün istifadə edə bilərdi".
 
Məlumatlar necə əldə edilib?
 
Araşdırmaçılar bildirir ki, müdafiə naziri Pit Heqsetin mobil nömrəsini və elektron poçt ünvanını öyrənmək xüsusilə asan olub. Jurnalistlər əsasən satış, marketinq və kadr seçimi üçün istifadə olunan kommersiya əlaqə məlumatı provayderinə müraciət edib. 
 
Onlar provayderə "LinkedIn"-də Heqsetin profilinin linkini göndərib, cavab olaraq onun "Gmail" elektron poçt ünvanını, mobil nömrəsini və digər şəxsi məlumatlarını əldə edib.
 
Milli təhlükəsizlik müşaviri Mayk Uoltsun elektron poçt ünvanına aid parollar isə sızdırılmış məlumat bazalarında asanlıqla tapılıb. Bundan əlavə, araşdırmaçılar onun "Microsoft Teams", "LinkedIn", "WhatsApp" və "Signal" profillərinə də giriş əldə edib.
 
ABŞ milli kəşfiyyat direktoru Talsi Qabbard isə daha ehtiyatlı davranıb və kommersiya bazalarındakı məlumatlarını bloklayıb. Lakin onun elektron poçt ünvanı "WikiLeaks" və "Reddit" kimi açıq mənbələrdə yenə də tapılıb.
 
"Der Spiegel" məxfi məlumatları paylaşmayıb
 
Jurnalın araşdırmaçıları bildirib ki, ABŞ siyasətçilərinin şəxsi əlaqə məlumatlarını qorumaq məqsədilə tapılan telefon nömrələri, e-poçt ünvanları və parollar dərc olunmayacaq. Bundan əlavə, e-poçt ünvanlarına aid parolların hələ də aktiv olub-olmadığını yoxlamaq üçün heç bir sınaq aparılmayıb. "Der Spiegel" jurnalının nümayəndələri Qabbard, Heqset və Uoltsa araşdırma haqqında məlumat verib.
 
Sensasiyalı sızma qalmaqalı
 
Xatırladaq ki, martın 24-də ABŞ-da böyük bir qalmaqal yaşanıb: "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq təsadüfən "Signal" messencerində gizli bir qrup söhbətinə əlavə olunub. Həmin çatda ABŞ-ın Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli üzvləri Yəməndəki husilərə qarşı planlaşdırılan hərbi əməliyyatın detalları barədə müzakirələr aparıb.
 
Martın 26-da "The Atlantic" həmin yazışmaların tam mətnini dərc edib. Orada ABŞ-ın Yəməndə husilərə qarşı hava zərbələrinin vaxtı, istifadə olunan təyyarə növləri və ilkin nəticələr barədə məlumatlar yer alıb. "The Atlantic" bildirib ki, Tramp administrasiyası bu yazışmalarda məxfi məlumatın olmadığını dəfələrlə inkar etdiyinə görə bu məlumatları ictimaiyyətə açıqlamaq qərarına gəlib.
Seçilən
163
moderator.az

1Mənbələr