Misirdə 45 rusiyalının olduğu batiskaf batıb, həlak olanlar var
Misirin Xurqada kurortu yaxınlığında 45 rusiyalı turistin olduğu ekskursiya batiskafı batıb. Onlarla insan yaralanıb, rəsmi olaraq beş nəfərin öldüyü təsdiqlənib, lakin bu sayın artacağı istisna edilmir.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, qəzaya pilot səhvi səbəb olub- batiskaf idarəetməni itirib, sualtı rifə çırpılıb və hermetikliyi pozulub. Bundan bir neçə gün öncə eyni batiskafla suyun altına enmiş rusiyalı turistlər onu "dəhşətli vəziyyətdə" təsvir edirlər.
Qəzada ölənlər və yaralananlar var
"Sindbad" batiskafının Qırmızı dənizdə, Misirin Xurqada şəhəri yaxınlığında batması nəticəsində rusiyalılar həlak olub, - SİTA xəbər verir. Rusiya Federasiyasının Xurqadadakı baş konsulu Viktor Voropayev beş nəfərin öldüyünü təsdiqləyib, onlardan ikisi azyaşlıdır. Bununla belə, SNOT Telegram-kanalı ölənlərin sayının doqquza çatdığını bildirir.
Faciə martın 27-si səhər, sahildən bir kilometr aralıda baş verib. Batiskaf müntəzəm turist ekskursiyasına çıxıb. Gəmidə 45 rusiyalı turist (onlardan 15-i uşaq) və ekipaj üzvləri olub. Səyyahlar "Biblio Globus" turizm şirkəti vasitəsilə Misirə gəliblər. Batiskaf 25 metr dərinliyə enərək 500 metr uzunluğundakı mərcan riflərini müşahidə etməli idi.
Bu turun bilet qiyməti böyüklər üçün 7 min rubl, uşaqlar üçün isə yarıbayarı az olub. Bu cür ekskursiyalar Xurqadada geniş yayılıb və hazırda burada ən azı 15 digər oxşar sualtı gəmi fəaliyyət göstərir. Hadisədən sonra bütün batiskaf turlarının təcili ləğv edildiyi bildirilir.
Faciəyə nə səbəb olub?
İlkin versiyaya görə, qəzaya pilot səhvi səbəb olub. Batiskafı idarə edən iki pilotdan biri sükanı düzgün yönləndirə bilməyib, nəticədə gəmi sualtı rifə çırpılıb. SNOT Telegram-kanalı hadisənin detalları ilə bağlı məlumat yayıb.
Rifə çırpıldıqdan sonra salonun hermetikliyi pozulub, içəri su dolmağa başlayıb. Gəminin ekipajı hər iki çıxışı açıb, lakin sərnişinlərin çoxluğu səbəbindən panika və basabas yaranıb. Valideynlər öncə uşaqlarını xilas etməyə çalışıblar. Batiskaf bir müddət tərs çevrilmiş vəziyyətdə suyun üzündə qalıb, sonra isə 20 metr dərinliyə enərək batıb.
Ekskursiyanın iştirakçılarından Yelena Boldaryova "112 kanal"ına bildirib ki, qəza qəfil baş verib:
"İnsanlar təzəcə aşağı düşmüşdülər ki, hər şey alt-üst oldu. "Sindbad" açıq lyuklarla bir anda batmağa başladı". Turistlərdən Yekaterina və onun həyat yoldaşı üzə biliblər, lakin onların qızı və anası ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xilasedicilər və səhiyyə xidmətləri hadisəyə necə reaksiya verib?
Hadisə baş verən anda yaxınlıqda olan turist qayıqları suya düşənləri xilas etməyə başlayıb. Onlar panikaya düşmüş və şok vəziyyətində olan insanları öz göyərtələrinə götürüb. Bu vaxt sahildə hadisə barədə xəbər yayılıb və əraziyə təcili yardım maşınları cəlb edilib. Yaralılar müxtəlif xəstəxanalara aparılıb.
Misirdə olan digər rusiyalı turistlər SNOT-a bildirib ki, bir neçə gün öncə eyni batiskafla sualtı gəzintiyə çıxıblar. Onlar gəminin texniki vəziyyətini "dəhşətli" kimi qiymətləndirir. İllüminator şüşələri çatlamış və bulanıq , görünüş pis olub. Ekipaj təhlükəsizlik təlimatı keçirməyib. Xilasedici jiletlər köhnə və yararsız olub. Təhlükəsizlik tədbirləri barədə heç kim məlumatlandırılmayıb.
"Sharm El-Ghada Excursions" şirkəti dalğıc turlarını təşkil edib, lakin turistlərin qeydiyyatını aparmayıb. "Sadəcə, insanlardan pul yığır və onları suyun altına göndərirdilər. Heç bir minimal hazırlıq olmayıb. Bu səbəbdən yerli hakimiyyət orqanları hələ də gəmidə olan hər kəsin şəxsiyyətini müəyyən edə bilmir," - məqalədə deyilir.
Həlak olanların kimliyi müəyyən edilibmi?
Bu məqalə yayımlandığı anda üç nəfərin kimliyi təsdiqlənib. Bunlar Kristina və Ravil Valiullinlər Tatarıstandan olan həkim ailəsi Kristina və Ravil Valiullinlərdir, onlar Misirdə qızları ilə birlikdə istirahət edirdilər, bir də Yevgeniya Nesteryukdur. Uşaqlar sağ qalıb və hazırda xəstəxanadadır.