AZ

Deputat: Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir

"Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir".

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 10-15 AZN arası dəyişə bilər: 

"Bu, bilavasitə fitrə zəkatı verilən ərzaqın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını bildirirlər".

Parlament üzvü hesab edir ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər: 

"Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. Qeyd etdiyimiz kimi, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. 
Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin".
Seçilən
30
sherg.az

1Mənbələr