Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri "Məktəbəqədər və ibtidai təhsil" jurnalı beynəlxalq səviyyədə nüfuzlu elmmetrik platformalardan biri olan “Web of Science – PUBLONS” (ResearcherID: MTD-9411-2025) sistemində qeydiyyata alınıb. Bu barədə “Azərbaycan müəllimi”nə jurnalın baş redaktoru Böyükağa Mikayıllı məlumat verib.
O, qeyd edib ki, jurnalın bu sistemdə qeydiyyata alınması “Web of Science” bazasına üzvlük yolunda ciddi irəliləyişdir. Jurnalın sistemdə qeydiyyata alınması onun qlobal elmi nüfuzunun daha da yüksəlməsinə, beynəlxalq inteqrasiyasına və tədqiqatçıların işlərinin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək. Məlumat üçün bildirək ki, “Clarivate Analytics” tərkibində fəaliyyət göstərən “Web of Science” platforması elmi məqalələrin beynəlxalq indeksləşdirilməsi və sitat gətirilməsi üçün əsas bazalardan biridir. Bu platforma elmi fəaliyyətin sistemli izlənilməsi və təsdiqlənməsi, redaksiya heyətində iştirak və elmi məqalələrə istinadların izlənməsi, konfrans və simpozium çıxışlarının indekslənməsi, qlobal elmmetrik bazalarda elmi əsərlərə istinadların analizi kimi mühüm işləri icra edir.
“Publons” platforması (hazırda “WoS” sisteminin tərkib hissəsidir) elmi ekspertiza prosesinin şəffaflığını artırır və elmi rəyçilərin fəaliyyətini tanıtmağa imkan verir. “WoS” eyni zamanda jurnalların indekslənməsi üçün ciddi seçim meyarları tətbiq edir. Bu da yalnız yüksək keyfiyyətli və akademik etibarlı jurnalların bazaya daxil olmasını təmin edir.
2025-ci ildən etibarən "Məktəbəqədər və ibtidai təhsil" jurnalı bu imkanları müəlliflər üçün təmin edəcək, onların tədqiqatlarının beynəlxalq elmi ictimaiyyətdə tanınmasına və daha çox istinad edilməsinə dəstək olacaq.