Bəlkə də 30 ilin söhbətidir, mən onda "Xalq Qəzeti"ndə işləyirdim. "Xalq Qəzeti" hələ seçilirdi, rəsmi qəzetlər içində demokratik ruhunu, müstəqillik imicini diqtə edirdi. Bu ruhu, bu imici qəzetə mərhum Məmməd Nazimoğlu gətirmişdi. Yaşca tay-tuş olsaq da, mən onun rəhbərliyi altında işləməyimdən qürur düyürdum. Ruhu şad olsun...
Təsəvvür edin ki, "Xalq Qəzeti" AXCP lideri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbərlə müsahibələr verirdi. Bu müsahibələrin təsəbbüsçüsu də, müəllifi də Qalib Arif idi. Təbii ki, Məmməd Nazimoğlunun dəstəyi və rəhbərliyi ilə... Nəql etmək istədiyim hadisə də həmin ərəfələrdə baş vermişdi. Mən Əli Kərimlidən müsahibə almağa, AXCP-nin qərargahına getmişdim...
O vaxtlar AXCP Xaqani kuçəsində, Axundov adına kitabxananın böyründə, "Azadlıq" qəzetinin köhnə, iki mərtəbəli ofisində yerləşirdi. Ofisin içəri həyəti də vardı, qəzetin əməkdaşları, partiyanın fəalları burda yığışardı, caylayardı. Mən çay stollarının birinə üz tutdum, Əli Kərimli ilə necə görüşə biləcəyimi soruşdum. Cayxorlardan biri jurnalist Xaliq Bahadur idi, amma dinmədi. Əvəzində saqqallı biri, xırıltılı səslə sual verdi:
- Bəy, sən kimsən, nə istəyirsən?
Saqqallı sual verən Akif İslamzadə, mənim ən çox sevdiyim və dinlədiyim müğənnilərdən biri idi. Ona görə də həvəslə, daxili bir ləzzətlə cavab verdim:
-Akif bəy, mən Qalib Arifəm, "Xalq Qəzeti"ndənəm, Əli Kərimli ilə görüşmək istəyirəm...
Müsahibim qızardı, çox aqressiv bir hal aldı:
-Siz hamınız oğraşsız, Heydər Əliyev kimi quldurla uğraşırsız. Hakimiyyəti zəbt etmisiz, rədd olub getmirsiz...
Düžü bu cür tanınmış adamdan bu qədər qanacaqsızlığı heç gözləmirdim... Özümü itirdim və adekvat cavab verdim:
-Akif bəy, ayıb deyil, mən sizi abırlı adam bilirdim...
-Abırsız sən özünsən, rədd ol burdan... Sən hara, Əli Kərimli hara...
Üstundən illər keçdi... Heydər Əliyev rəhmətə getdi, İlham Əliyev hakimiyyətə gəldi...
Günlərin bir günü "Azadlıq"radiosunda Akif İslamzadənin müsahibəsini dinlədim. Adam deyirdi ki, Azərbaycanda konstitusiyalı monarxiya olmalıdır, İlham Əliyev monarx elan olunmalı, daimi hakimiyyətdə qalmalıdır...
Matım-mutum qurudu... Sənətin sərkərdəsi siyasətin piyadasına çevriləndə, insanlar necə dəyişərmiş, eybəcərləşərmiş, İlahi...
Qalib ARİF
Demokratikmusavat.com