AZ

Engin Özer: “Türkiyə bu məsələyə müdaxilə etməməlidir”

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 20 sutka həbs olunub.

Bununla bağlı Kişinyov məhkəməsi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Qutsul bir neçə gün öncə Kişinyov aeroportunda saxlanılmışdı. O, Rusiya və Türkiyə liderlərinə məktub yazaraq, dəstək istəmişdi.

Maraqlıdır, Yevgeniya Qutsulun həbsi bölgədə vəziyyəti daha da gərginləşdirə bilər?

Türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ilk öncə regionda baş verən proseslər düzgün və dəqiq şəkildə qiymətləndirilməlidir:

“Hazırda Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Türkiyəyə yaxın bir namizəd deyil. Onun Kreml ilə ciddi əlaqələri var və bir neçə dəfə Rusiyaya səfər edib. Buna görə də bu məsələ yalnız Moldova ilə Rusiya arasında olan bir problem kimi qiymətləndirilə bilər.

Moldova hökuməti bu gün qondarma “Dnestryanı Moldova Respublikası” ilə bağlı olaraq Rusya ilə birbaşa qarşıdurmadadır. Məhz bu məsələyə də bu kontekstdən yanaşılmalıdır".

Ekspert qeyd edib ki, Avropa İttifaqı Moldova üzərindən Rusyaya təzyiq edir:

“Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul məsələsi də buna daxildir. Ancaq Türkiyənin Moldova üzərində heç bir təsiri yoxdur. Bunu açıq şəkildə deyə bilərəm. Türkiyə ilə Qaqauz muxtariyyəti arasında sadəcə mədəniyyət əlaqəsi ola bilər. Qaqauziya bölgəsinə Türkiyənin heç bir təsiri yoxdur.

Türkiyə hazırda Avropa İttifaqı ilə açıq bir münaqişədə deyil. Əgər Türkiyə bu məsələyə müdaxilə etsə, bu, yalnız Rusiya ilə Avropa İttifaqı arasındakı bir mübahisə halına gələcək.

Yevgeniya Qutsulun həbsi antidemokratik hərəkətdir, bunu başa düşürük, amma bu məsələ Türkiyənin problemi deyil. Türkiyə bu məsələyə müdaxilə etməməlidir".

Seçilən
16
cebheinfo.az

1Mənbələr