Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası bu gün Finlandiya Liqa Kubokunun finalında “İnter Turku” ilə üz-üzə gəlib.
Helsinki təmsilçisi kifayət qədər məhsuldar alınan bu matçın əsas vaxtında qələbəni əldən verib – 4:4. Qarşılaşmanın qalibi isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “İnter Turku” Finlandiya Liqa Kubokunun qalibi olub – 8:7.
Ozan bu görüşün 64-cü dəqiqəsində, komandası 4:3 hesabıyla ödən olarkən meydana buraxılıb. Penaltilər seriyasında Kökçü də şansını yoxlayıb. Amma məhz onun penaltini qaçırması HJK-ynın kuboku əldən verməsi ilə nəticələnib.
Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 24 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.