AZ

Qərəzin ünvanı məlum oldu – “Döyçe Velle”nin yeni filmi Bakını hiddətləndirdi

Azərbaycan Mətbuat Şurası Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) media platformasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı yayımlanan sənədli filmi kəskin tənqid edib.

Musavat.com-un xəbərinə görə, Şura yaydığı bəyanatda bildirir ki, film jurnalistikanın peşə prinsiplərinə ziddir və telekanalın anti-Azərbaycan mövqeyini əks etdirir.

Mətbuat Şurasının məlumatına görə, həmin sənədli film Fransadakı erməni lobbisinin hazırladığı material əsasında ərsəyə gətirilib və “Döyçe Velle” tərəfindən tərcümə olunaraq yayımlanıb. Filmdə Azərbaycanlı mülki şəxslərin acınacaqlı durumu əks etdirən video görüntülər ermənilərə aid kimi təqdim olunur, ekspert qismində isə yalnız etnik ermənilər çıxış edir. Bu isə Şuranın fikrincə, birtərəfli yanaşma və media peşəkarlığına açıq-aşkar hörmətsizlikdir.

Bəyanatda “Döyçe Velle”nin ermənipərəst mövqeyi qəti şəkildə yolverilməz adlandırılır və qeyd olunur ki, bu cür yanaşma regionda sülh və sabitliyi pozmağa çalışan qüvvələrin maraqlarına xidmət edir:

“Telekanalın saxtakarlığı və peşədən sui-istifadə cəhdi Azərbaycan-Ermənistan münaqişəsinə dini don geydirməklə də özünü göstərir. Bu, məqsədyönlü şəkildə erməni təbliğatçılarının dili ilə dövriyyəyə buraxılmış təhlükəli və yalan yanaşmadır”.

Mətbuat Şurası bəyan edir ki, Qərb və Almaniya mediası Cənubi Qafqazın həssas reallıqlarını nəzərə almalı, regionda sabitliyi pozmaq ehtimalı olan yanaşmalardan çəkinməlidir.

“Döyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyəti qəbuledilməzdir və regionda sülh gündəliyinə ciddi zərbə vurur. Media orqanı yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmalı, həqiqətləri təhrif etməməli və obyektivliyə əsaslanaraq yayım siyasətinə yenidən baxmalıdır”.

Musavat.com

Seçilən
227
musavat.com

1Mənbələr