ABŞ-nin ən nüfuzlu maliyyə qurumlarından biri olan “Bloomberg”-in keçmiş icraçı direktoru Riçard Samarel, həyat yoldaşı Lina Mariya və onların 9 yaşlı qızı Samanta Cənubi Karolinadakı lüks malikanələrində müəmmalı şəkildə ölü tapılıb.
Spartanburq əyalətinin şerifinin açıqlamasına görə, polis qonşuların xəbərdarlığından sonra ailənin evinə yollanıb. Evə baxış keçirən polislər burada onların cansız cəsədləri ilə qarşılaşıblar.
Polis rəsmiləri indiyədək ölənlərin qətl və ya faciəvi qəza olması ilə bağlı heç bir məlumat yaymayıb.
Qeyd edək ki, Riçard Samarel “Bloomberg”-də kapital meneceri kimi çalışıb. Onun həyat yoldaşı Lina Maria Samarel ABŞ Dövlət Departamentində və Veteranlarla İş Departamentində xidmət edən kolumbiyalı mühacirdir. Cütlüyün 2009-cu ildən evli olduğu məlumdur.
Sosial şəbəkələrdə yazılan minlərlə şərhdə insanlar rəsmi qurumları şəffaf olmağa və izahat verməyə çağırır.
“AzPolitika.info”
