Qeyri-rəsmi ər-arvad münasibətində olan şəxslər Şəmkirdə bir neçə nəfəri aldadaraq pullarını ələ keçirib. 1984-cü il təvəllüdlü İslam və 1988-ci il təvəllüdlü Yeganənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, sevgili olan bu şəxslər Şəmkir rayon sakini olan Füzuli adlı şəxsin qızı Mehribanı məktəbə işə düzəldəcəklərini deyərək 7500 manat alıblar.
Bir nəfərdən nəvəsinin xəstəliyinə görə pensiya düzəltdirəcəklərini deyərək 700 manat, başqa bir şəxsdən isə pensiyasını bərpa etdirəcəkləri vədi ilə 1300 manat alıblar.
Onlar Şəmkir rayonu Seyfəli kənd sakini Əhmədovanın oğlunu qeyri-rəsmi yaşadığı qızdan cadu yazdıraraq ayıracaqlarını və digər qız övladlarını isə məktəbdə işə düzəldəcəklərini deyərək ümumilikdə 6700 manat pulunu ələ keçiriblər.
İş üzrə zərərçəkmiş kimi tanınan bir nəfərdən də pensiya düzəltmək üçün 1500 manat pul alıblar.
Təqsirləndirilən İslam deyib ki, Füzuli adlı şəxsdən qızını məktəbə işə düzəltmək üçün pulu Yeganə alıb. Onlar pulu şəxsi ehtiyaclarına xərcləyiblər. Yeganə Füzuliyə deyib ki, qızını İslamın Təhsil Nazirliyində olan tanışları vasitəsi ilə işə düzəldəcəklər.
Onlar Bərdə rayon Həsənqaya kəndində olan pirə gedən zaman orada Müzəffər adlı şəxsin əlil nəvəsini pirə gətirdiyini görüblər. İslam Müzəffərdən nəvəsinin pensiya alıb-almadığını soruşub. Uşağın pensiya almadığını öyrənən İslam Yeganəni pensiya fondunun işçisi kimi təqdim edib, 700 manat alıb. Müzəffərin qohumundan da 1000 manat alaraq pensiya məsələsini həll edəcəklərini deyiblər.
İslamın ifadəsindən məlum olub ki, onlar Tahir adlı şəxsə Yeganəni cadugər kimi təqdim ediblər. Onun oğlunu birlikdə yaşadığı qadından ayırmaq üçün 700 manat, qızlarını məktəbdə işə düzəltmək üçün isə 6000 manat pul alıblar.
İslam əməlimdən peşman olduğunu deyib. Lakin zərəçəkmişlərlə barışa bilməyib, pullarını geri ödəməyib.
Məlum olub ki, daha əvvəlki evlilikdən iki övladı olan İslam aliment ödəmədiyi üçün həbs edilibmiş. İslam həbsdə olan zaman bu cinayət işlərinin üstü açılıb.
Yeganə dindirilən zaman əməllərini etiraf edib. Məlum olub ki, Yeganənin özü təklikdə daha bir neçə nəfərə qarşı da dələduzluq edib. Yeganənin daha əvvəl də dələduzluğa görə mühakimə olunduğu və azadlığın məhdudlaşdırılması cəzası aldığı məlum olub.
Zərərçəkmiş şəxslər ifadə verən zaman hər iki şəxsdən şikayətçi olduqlarını, onlara cəza verilməsini istəyiblər.
Məhkəmənin hökmü ilə həbsdə olan İslam əvvəlki cəzası ilə indiki cəzası birləşdirilməklə 3 il 3 ay azadlıqdan məhrum edilib.
Yeganə isə 1 il 8 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
İ.Muradov
Musavat.com