Abşeron rayonunda 1996-cı il təvəllüdlü Əhəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının sevgilisi Cəlala (adlar şərti verilib – red.) xəsarət yetirib.
Publika.az Teleqraf-a istinmadən xəbər verir ki, hadisə 23 aprel 2024-cü ildə baş verib. Əhəd həmin gün saat 20:00-da radələrində Masazırda “Azərpoçt”un 2 saylı poçt şöbəsi yaxınlığında, küçədə Cəlalla bacısının mobil telefonuna mesaj yazması səbəbindən mübahisə edib.
Mübahisə zamanı evdən götürdüyü bıçaqla Cəlalın qarın nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Əhədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
“Elçilərə bacımı verməyəcəyimi bildirdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlalı əvvəlcədən tanımayıb: “Cəlalın bizə elçi göndərmək və bacım Ləmanı almaq istədiyini eşitdim. Lakin buna razılıq vermədik. Hadisədən əvvəlki günlərin birində Cəlalın ailəsi bizə gəldi və anama, mənə bacımı almaq istədiklərini bildirdilər. Mən elçilərə bacımı verməyəcəyimi bildirdim. Bundan sonra onlar getdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 23-də səhər saatlarında bacısının telefonunu götürüb və işə gedərkən yolda telefona baxıb: “Cəlalın bacıma ismarıc yazdığını gördüm. Cəlala zəng edərək nə səbəbə bacıma mesaj yazdığını, qəti surətdə bacımı ona verməyəcəyimi bildirdim və ona görüş təklif etdim.
Həmin gün axşam 20:00-da Cəlaldan harada olduğunu soruşdum. Yeməyini yeyib evdən çıxacağını bildirdi. Mən hər ehtimala evdən mətbəx bıçağı götürərək cibimə qoydum və Cəlalla görüşə getdim.
Cəlalla Masazır dairəsi yaxınlığında "Azərpoçt" filialının qarşısında görüşdük. O, görüşə bibisi oğlu Nahid və adını bilmədiyim digər qohumu ilə gəlmişdi. Cəlalla birlikdə kənara çəkildik, ondan nə səbəbə bacıma yazdığını soruşdum. O, cavabda bacımla evlənmək istədiyini bildirdi. Aramızda mübahisə baş verdi. Ondan bacısmın nömrəsini haradan aldığını soruşdum. "Bu sənin ailənin problemidir" dedi”.
“Bizi narahat etməməsi üçün vurdum”
Əhədin ifadəsinə görə, bu sözlərdən əsəbləşərək qabaq sağ cibinə qoyduğu bıçağı çıxarıb və Cəlalın qarın nahiyəsindən vurub: “Cəlal qarnını tutaraq arxaya çəkildi. Mən də geri çəkilib bıçağı yerə atdım və ondan bıçağın batıb-batmadığını soruşdum. Cəlalın adını bilmədiyim qohumu bıçağın batdığını bildirdi.
Cəlalın yanında gələn tanımadığım qohumu onu götürərək xəstəxanaya getdi. Mübahisənin böyüməməsi üçün oradan uzaqlaşdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat verdim. Polis əməkdaşları gələrək məni polis idarəsinə dəvət etdilər.