"Melissa Group" tikinti şirkətinin Bakının Alatava yaşayış massivində vətəndaşın evini uçurması ötən həftəyə damğasına vurdu. Böyük ictimai narazılıq yaradan bu hadisə hələ də müzakirə edilir. Öncə şirkətin iş icraçısı və ekskavatorçusu saxlanıldı. Ardından qurumun rəhbəri Qalib Məmmədov həbs edildi. Onun barəsində məhkəmənin hökmü ilə 1 ay həbs qətimkan tədbiri seçilib.
Hazırda sözügedən şirkətin fəaliyyət göstərirmi? Tikinti, satış işləri davam edirmi?
Bizim.Media xəbər verir ki, “globalinfo.az” "Melissa Group" tikinti şirkəti ilə əlaqə saxlayıb.
Şirkətdən bildirilib ki, tikinti işləri davam edir:
"Hazırda evlərin satış prosesi dayandırılıb. Lakin tikinti davam edir".
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb.
Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı. qanunsuz söküntü ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və ekskavatorun sürücüsü Qala Eynullayev barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bizim.Media