BAKI, TurkicWorld
Bizim gözləntimiz “Terrordan Azad Türkiyə” prosesini ən qısa zamanda başa çatdırmaqdır
TurkicWorld xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Terrordan Azad Türkiyə” prosesinin tezliklə tamamlanacağına ümid etdiklərini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə DEM Partiyasının nümayəndələri ilə görüşəcəyini xatırladan Yılmaz, bu prosesin həssas çərçivədə davam etdiyini vurğulayıb.
“Biz silahların yerə qoyulmasını, terror təşkilatının özünü ləğv etməsini və bölgəmizdəki imperialist oyunların qarşısının alınmasını istəyirik. Milli birlik və həmrəyliyimizin gücləndirilməsi bu baxımdan vacibdir” - deyə, Yılmaz bildirib.
O, həmçinin ABŞ-ın yeni tarif siyasətinə də toxunaraq bildirib ki, proses dinamikdir və yekun nəticəni müşahidə etmədən öncədən qiymət vermək çətindir. ABŞ ilə 32 milyard dollarlıq ticarət dövriyyəsinə malik olduqlarını bildirən Yılmaz, qarşıdakı dövrdə bu həcmin artırılması üçün danışıqların davam etdiriləcəyini bildirib.
Yeni dünya ticarət qaydalarının formalaşmaqda olduğunu deyən Yılmaz, “Köhnə ticarət düzəni artıq keçmişdə qalıb. Yeni dönəmdə çoxölçülü strategiyalar hazırlamalı və ölkəmizin maraqlarını bu çərçivədə qorumalıyıq” – deyə, qeyd edib.
Qeyd edək ki, vitse-prezident Yılmaz bu ay Şərqi Qara dəniz Fəaliyyət Planını açıqlamaq üçün Giresun bölgəsinə səfər edəcək, İqtisadi Koordinasiya Şurasının iclası isə yaxın zamanda keçiriləcək.