AZ

"Ermənistan reallıqları qəbul etməlidir"- İlqar Vəlizadə

"Adada keçirilən tədbir bir daha təsdiqlədi ki, Azərbaycan milli maraqlara əsaslanan prinsipial və ardıcıl siyasət həyata keçirir və bu strateji yoldan geri çəkilmək niyyətində deyil."

Politoloq İlqar Vəlizadə bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, ölkəmiz elə bir geosiyasi məkanda yerləşir ki, burada həm Asiya, həm də Avropa qitələri birləşir. Həm Yaxın Şərqdə, həm də Avropada baş verən proseslər göstərir ki, regionumuzda yaranan çağırışlar və təhdidlər birbaşa Azərbaycana da təsir göstərir.

Azərbaycan bu təhdidlərə qarşı çevik və məqsədyönlü siyasət yeridir, digər ölkələrlə tərəfdaşlıq əlaqələri qurur və proqnozlaşdırılan strategiya əsasında addımlar atır. Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri və Avropa İttifaqına üzv dövlətlərlə çoxsaylı strateji əməkdaşlıq müqavilələri mövcuddur. Bu isə ölkəmizi hər iki qitə üçün etibarlı tərəfdaşa çevirir.

Təəssüf ki, bəzi xarici qüvvələr Azərbaycanın artan nüfuzundan və beynəlxalq roldan narahatdır. Onlar müxtəlif destruktiv ssenarilər vasitəsilə Azərbaycanı yenidən qarşıdurmalara və münaqişəyə cəlb etməyə çalışırlar. Bu məqsədlə istifadə olunan əsas vasitələrdən biri isə Ermənistanın özüdür. Xarici havadarların təsiri ilə Ermənistan regionda yeni təhlükələr yaratmaq cəhdləri edir.

Lakin Azərbaycanın ardıcıl və əsaslandırılmış cavabları, beynəlxalq əməkdaşlıq təşəbbüsləri və həyata keçirilən perspektivli layihələr göstərir ki, regionda genişmiqyaslı münaqişə ehtimalı aşağıdır. Burada əsas şərt Ermənistanın regional reallıqları qəbul etməsi və onlardan çıxış edərək hərəkət etməsidir.

Azərbaycan tərəfi dəfələrlə Ermənistanı dialoqa dəvət edib. Prezident İlham Əliyev bu gün də vurğulayır ki, Azərbaycan Ermənistanla danışıqlara hazırdır. Lakin burada şərtlər aydındır: ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması əsas prioritetlərdəndir. Bu şərtlər yerinə yetirildikdən sonra dialoq mümkün ola bilər.

Regionda həyata keçirilən layihələrə münasibətdə də vəziyyət eynidir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələdə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əgər Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe tutacaqsa və xarici havadarların dili ilə danışacaqsa, heç bir nəticə əldə olunmayacaq. Bu məsələdə şərtləri Azərbaycan müəyyən edir və bu şərtlərə əməl olunması vacibdir.

Şərtlər nədən ibarətdir? Regiondakı reallıqların, 44 günlük müharibənin nəticələrinin, antiterror tədbirlərinin yekunlarının qəbul edilməsi və buna uyğun davranış sərgilənməsi. Azərbaycan öz siyasətini beynəlxalq hüquq əsasında qurur və digər ölkələri də bu hüquqa hörmətlə yanaşmağa çağırır. Beynəlxalq hüququn pozulması destruktiv proseslərə təkan verir ki, bu da müxtəlif cəmiyyətlər üçün ciddi təhlükələr yaradır."

Seçilən
38
50
news365.az

10Mənbələr