AZ

Vətənsevər lotereyaçı

Hara baxsan vətənpərvərliyimizdən pul damır. Patriotizmin şiddətindən partlayan vətəndaşlarımız vardır. Bəzən onların quyruğu qapı arasında qalır, tutulurlar. Onlardan biri “Bakı Şəhər Halqası” kimi romantik-erotik ad daşıyan, el dilində yazsaq, Formula-1 yarışlarının təşkilat komitetində yüksək vəzifə - idman şöbəsinin rəisi vəzifəsini tutmuş Çingiz Mehdiyevdir. Çingiz müəllim 400 min manata yaxın pulu yeməkdə suçlanır. 

İndi onun həyatından bəzi detallar ortaya çıxır və vətənsevərliyinə paxıllığımız tutur. Sən demə, bu yoldaş hələ 2006-cı ildə Gino Metie adı ilə ABŞ vətəndaşlığı alıbmış. İkili vətəndaşlıqla Bakıda maşın sürməyə ayrılan pulları qapazlayırmış. Halal olsun. Bacarıqlı yoldaşdır. Yeni dövrümüzün, aparılan islahatların yetirməsi, meyvəsidir. Bu sistemdə hərə bir yerdən əkişdirir. Fürsət düşmüşkən. Biri Beynəlxalq Bankdakı pullara dədəsinin malı kimi baxırdı, başqası icra hakimiyyətində 700 nəfərə verilən maaşa. Adından göründüyü kimi: halqada işə düzəlmisənsə, oğurluq dairəsinə girməlisən. “Başqa yolu yox artıq”, köhnəlmiş, aktuallığını itirmiş mahnıda deyilən kimi. 

Gino müəllimi, deyilənə görə, keçmiş arvadı satıbdır. Boşanandan sonra pul, mal-mülk narazılığı düşübmüş. Belə çıxır boşanma olmasa istintaq orqanlarımız heç yeyintini bilməzmiş. Sonra da bəziləri saxta, zorakı yollarla ailə dəyərlərini qorumağı tələb edir. Şairlər, deputatlar, cürbəcür sosiopat ekspertlər interneti bağlamağı arzulayırlar, guya qabaqlar, vatsap, feysbuk, tik-tok çıxanacan xalqımız boşanmırmış. Yaxşı, boşanma bir cinayət əməlinin, dövlət əmlakının yeyintisinin üstünü açıbsa, buna nə ad qoyaq? Bir ailə dağılıb, lakin yüzlərlə ailə qovuşacaqdır! (Hesab edirəm Gino müəllimin yediyi 400 min manatı dövlət büdcəsinə qaytarsaq, o vəsaitlə azı 40 imkansız gənci evləndirə bilərik. 400 nəfərlik toplu sünnət də mümkündür). 

Hələ siz bunun vətənsevərliyinə diqqət eləyin! Gino Metie! Çingiz Mehdiyevlə səsləşən, həmqafiyə ad-soyad seçib ki, ermənipərəst Amerikada qədim xalqımıza yadlaşmasın. İstəsə Barak Bayden, Corc Tramp, nə bilim, Metyu Vaşinqton adı da seçərdi, kim mane olurdu? Seçməyib. Vətən məhəbbəti budur. 

Məhz bu vətən eşqiylə bizim keçmiş xarici işlər nazirimiz iki oğluna Nyu Yorkda bahalı evlər almışdı. İstəsə Bakının P.xludərə yaşayış massivindən də alardı, lakin qəsdən Nyu Yorku seçibdir. Niyə seçməyibdir? Bəlkə buradakı qanun-qaydaya, sənəd-sünədə etibar etmir, fikirləşir birdən hökumətin üzü dönər, evləri tutub əlimizdən alarlar? Yox. Yuxarıda yazdığım səbəbdir: oradakı erməni lobbisinin ağzını cırmaq məqsədilə oğullarına evi Nyu Yorkdan almışdır. Ki, lobbinin mərkəzində durub mübarizə aparsınlar. 

Yeri gəlmişkən, bizim jurnalistikada belə filoloji problem var. Kiminsə erkək övladından bəhs edəndə “Filankəsin oğlan(lar)ı” yazırlar. Elə manıslarımız da bəzən intervü verəndə (başqa intervü verən qalmayıb), ailədən dəm vuranda “oğlanım” deyir. Məncə, bu, yanlışdır. Çoxmənalı səslənir. Düzgün yazılış “oğlu”, “oğlum”, “oğullarım” olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Qayıdaq patriotizmə. 

Bu yaxında mən bir məzəli verilişə də təsadüfən baxdım, orada ABŞ-da yaşayan azərbaycanlı ailəni çəkmişdilər. O cür verilişlərə aid tam komplekt yerindəydi: paxlava, bayraq, səməni, canım sənə desin, aş, muğam, tərəkəmə rəqsi və sairə. Ailə başçısı deyirdi ki, biz vətənimizi çox sevirik, Azərbaycandan ayrıla bilmirik. Məndə istər-istəməz sual yarandı ki, atam, belə sevirsənsə, niyə çıxıb getmisən, qalıb burada bizim kimi sevərdin da bə. Veriliş davam edəndə bu sualıma cavab tapıldı. Sən demə, dostumuz ABŞ vətəndaşlığını heç istəmirmiş, sadəcə, qrin-kard lotereyası udub, məcbur olub çıxıb getsin. 

Ah-vah. Həqiqətən bu yankilər çox yaramazdır, dünyanın hər yerində insanlara zorla lotereya oynadırlar. Mən hələlik dözürəm. 

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla