AZ

“Meydana çıxmağa cəsarət etmisənsə, üzünü niyə bağlayırsan?”

Türkiyə çempionatında tarixi mövsüm, daha doğrusu, tarixi çempionluq mübarizəsi izləyirik.

İndiyə qədər bu turnirdə 30-cu turdan sonra ilk iki pillədəki klubların ümumilikdə 160 xal toplamasına, eləcə də 30-cu turdan sonra 3-cü pillədə qərarlaşanın liderdən 32 xal geridə olmasına rast gəlinməmişdi. 10 ildi çempion ola bilməyən və bu il həsrətə son qoymaq istəyən “Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal bugünlərdə “Haber Qlobal” kanalına geniş müsahibə verib. O qədər də tez-tez müsahibə verməyi sevməyən 62 yaşlı mütəxəssis federasiyanın Superkubokun tarixini dəyişməməsi, Trabzonda yaşanan olaylar və başqa mövzular ətrafında danışıb.

- Camiə superliqada çıxışı davam etdirməyə qərar versə, apreldə üç turnirdə 7 vacib oyuna çıxacaqsız. Təqvim barədə nə düşünürsüz?
- 3 gündən bir oyun keçirəcəyik. Superkubokun məhz avrokubok matçından öncə oynadılmasında israr edilməsini anlamıram. UEFA-nın reytinqi üçün qazanılmış əmsal yığmanın əldə etdiyi qələbəyə bərabərdi. Biz ötən mövsümü 2-ci pillədə bitirsək də, Konfrans Liqasına qatıldıq və üstəlik 3 təsnifat mərhələsi oynamalı olduq. İndi isə vəziyyət dəyişə bilər. Bu üzdən qazanılan hər əmsal önəmlidi. Yəni indi Avropadakı matçlarımızın yığmamızın oyunlarından heç bir fərqi yoxdu. Belə bir durumda 4 gün ərzində iki çətin oyuna çıxmaq nəyə lazımdı? “Qalatasaray”la oynadıqdan sonra “Olimpiakos”la oynayacağıq. Belə çıxır ki, reytinq əmsalı dəyərsizdi? İstirahət edəndən sonra “Olimpiakos”la oyuna çıxmağımız ölkəmiz adına daha yaxşı olmazmı? Narazılığımız yalnız bununla bağlıdı. Bunu dəfələrlə dilə gətirməyimizə baxmayaraq, federasiyanın və qarşı tərəfin mövqeyini heç cür anlamıram. Halbuki əvvəllər dəfələrlə “Qalatasaray”ın vacib avrokubok matçlarından öncə oyunlarının təxirə salındığının şahidi olmuşuq. Ona görə də bizə münasibətdə belə mövqe tutmaları qəribədi.

- “Olimpiakos”la oyunda şansları necə dəyərləndirirsiz?
- İlk gündən demişdim ki, Avropada gedə bildiyimiz yerə qədər gedəcəyik. Yəni hər şey mümkündü. “Kuboku qazanacağıq” ifadəsi artıq kəskin və qətiyyətli açıqlamadı. Mən kəskin danışmağı sevmirəm. Bir şeyi edə bilməmək ehtimalın varsa, onu mütləq edəcəyinə söz verməməlisən. Mən həmişə doğru və real danışmağa çalışıram. İndi 1/4 finaldayıq. Final üçün cəmi iki rəqibi mübarizədən kənarlaşdırmalıyıq. Bu camiənin övladı kimi avrokubok qazanmaq, yeni tarix yazmaq istəyirəm. “Olimpiakos” köklü və ənənələri olan klubdu. Artıq onları izləməyə, təhlil etməyə başlamışıq. Əlimizdən gələni edəcəyik. Amma qarşıda hələ başqa oyunlarımız var. İndi ilk növbədə “Adana Dəmirspor”a və superkubokda “Qalatasaray”a qarşı oyunlara köklənməliyik.

- Bir çox statistik göstəriciləri alt-üst etmisiz. Amma hələ də sizi sərt tənqid edənlər var...
- Bəli, çox önəmli göstəricilərimiz var. Hələ də bu mövsüm Avropada ən çox qol vuran komandayıq. Avropada sonradan meydana çıxanlardan ən çox fayda görən kollektivik. Bu cür şəkildə 12 qol, 12 məhsuldar ötürməmiz var. 47 rəsmi oyunun 38-də qalib gəlmişik və 21-də qol buraxmamışıq. 124 qol vurub öz qapımızdan 40 top buraxmışıq. İlk dəfə Türkiyə çempionatında məhz biz mövsümə 10 qələbə ilə başladıq. 30-cu turdan sonra tariximizdə ən çox xal topladığımız bir mövsümdəyik. Superliqada 15 səfər oyunundan 14-də qalib gəlməklə də rekord qırmışıq. Hələ bir çox başqa rekordlar da var. Düzdü, yetərincə dəstək görmürük. Amma köməkçilərimlə birlikdə əlimizdən gələni etməyə çalışırıq. Xal itirdiytimiz oyunlarda şanssızlıqlar yaşadıq. İndi ən azı 9-10 xallıq fərqlə lider olmalıydıq. Bəziləri özlərini “Fənərbaxça”lı adlandırsa da, bizi tənqid etmək üçün xal itirməyimizi gözləyirlər. Ona görə də ən çətinlikdə belə bizə arxadan zərbələr vurulur. Tənqid normaldı. Amma bir az pozitiv də olmaq lazımdı. Bu cür “Fənərbaxça”lılıq heç kimə lazım deyil. Mən bura hər gəlişimdə rekordları alt-üst edirəm. İlk gəldiyimdə, silahlı hücuma məruz qaldığımız mövsümdə də qazandığımız xal və sərgilədiyimiz futbol ortadadı. Demirəm ki, məni tərifləsinlər. Amma ən azı “Fənər”li dostlarımız obyektiv olsun. “Fənərbaxça”lılıq başqanına, məşqçisinə, futbolçusuna, embleminə sahib çıxmaq deməkdi. Biz onsuz da başqaları ilə hər gün mübarizə aparırıq. Bu azmış kimi, özümüzkülərlə də mübarizə aparmalı oluruq. Sonra da deyirlər ki, camiəmiz çox həssasdı və tez “sınır”. Təbii ki, belə şeylər olandan sonra həssas olacaq...

- Komandanın öz meydanda daha çox stress yaşaması və bu üzdən daha çox xal itirməsi fikri ilə razısızmı?
- Deməzdim ki, çox stress yaşayırıq. Sadəcə, bizim stadiona gələn klublar tempimizi aşağı salmaq üçün bütün vasitələrə əl atırlar. Hakimlərə nə qədər xəbərdarlıq etsək də, xeyri yoxdu. Maksimum edə bildikləri şey qapıçıya sarı vərəqə göstərməkdi. Rəqib oyunçular yerdən qalxmaq bilmir. Evdə xal itirdiyimiz 4 oyunun hamısında bunlar oldu. Artıq buna bir çarə tapmaq lazımdı. Məsələn, zədələnib kənara gələn futbolçuya 3-4 dəqiqə meydana qayıtmağa icazə verilməsin. Həmin an komandası qol buraxsa, bunu bir də heç vaxt etməz. Avropadakıları da görürük. Orda bu cür yerə yatmaqlar yoxdu. Biz bu mövsüm avrokuboklarda 11 qələbə, 3 məğlubiyyətlə üzləşmişik. Bir oyunçumuzun özünü yerə atdığını görmüsüzmü? Amma Kadıköyə gələn dərhal yerə yıxılmağa başlayır. Qol vurmaq üçün oyunun ritmini yaxalamaq lazımdı. Biz oyunçulardan bunu tələb edə bilmirik. Çünki oyun az qala hər dəqiqə dayanır. Dəqiqələr irəlilədikcə, təbii ki, stress də başlayır.

- Trabzonda yaşanan olaylar haqda nə düşünürsüz?
- Həmin oyun bir növ şahmat matçına oxşadı. Bizim planlarımız daha yaxşı tutdu. Amma oyunboyu bizə yad maddələr, su şüşələri, petardlar, qəpiklər atıldı. Həmin qəpiklərdən biri Livakoviçin üzünə dəydi. Hakimlərdən oyunu dayandırmalarını tələb etdikdə 4-cü hakim bizə “bunun üçün ciddi səbəb yoxdu” dedi. Abdulla Avcı fasilədə yanıma gələrək bəzi oyunçularımızın tribunadakıları təxribata sürüklədiyini dedi və onlara xəbərdarlıq etməyimi istədi. Mən də təşəkkür edib oyunçuları başıma topladım və bununla bağlı göstərişlər verdim. Həmin görüntülər klub kanalımızda da var. Amma bütün 2-ci hissə boyunca su şüşəsi bombardmanına məruz qaldıq. Əvvəldən sona qədər mənə bir çox əşya atıldı. Amma təxribata əl atmadım. “Başım yarıldı” deyərək özümü yerə ata bilərdim! Amma mən o cür insan deyiləm. Oyunun başa çatdırılması üçün hər şey etdim. Futbolun qazanması və iki camiə arasında gərginlik olmaması üçün oyunun içində qaldım. Final fitindən sonra stadionda təhlükəsizliklə bağlı ciddi zəiflik olduğu üzə çıxdı. Rəqib fanatlar kəsici alətlərlə, korner bayrağının dirəyi ilə bizim oyunçulara hücum etdilər. Futbolçularımızdan biri həyatını itirsə və ya şikəst qalsa, buna kim cavab verəcəkdi? Fanatların belə asanlıqla meydana çıxmasına icazə verilməməliydi. Üzü maskalı bir nəfər var idi. Düzdü, qaradənizlilər mərd və dəliqanlı insanlardı. Mən özüm də qaradənizliyəm, rizəliyəm. Amma sən meydana çıxmağa cəsarət etmisənsə, üzünü niyə bağlayırsan? Səni ora kim göndərmişdi? Qısa və konkret: oyun yarımçıq dayandırılmalı idi. Təsəvvür edin, ən çox döyülənlərdən biri qapıçılar üzrə məşqçimiz Yasin Cirav oldu və o, əslən trabzonludu. Oyun bitəndən sonra babasını görmək üçün Trabzonda qaldı. Oğlum Əmrə 5-6 nəfərin hücumuna məruz qaldı. Qabırğaları əzilib. Həkimdən 6 səhifəlik kağız almışıq. Oğlum bir günü xəstəxanada keçirməli oldu. Bir ata olaraq mənim düşdüyüm vəziyətə baxın. İllər öncə çempionluğa gedərkən güllələndik. Bu mövsüm yenə Trabzonda başımıza olaylar gəldi. Bunları, sadəcə, heyrət içində izləyirəm. Bir neçə həftə öncə onlar evdə “Qalatasaray”a uduzanda heç birinin səsi də çıxmamışdı. Nə üçün bu olaylar yalnız bizim oyunlarda olur?

- 4 futbolçunuz – Osayi-Samuel, İrfan Can Eğribayat, Oostervolde və Batşuayinin Nizam-İntizam Komitəsinə sövq edilməsi gündəmdədi. Onların cəza alacağını düşünürsüzmü?
- Bir daha deyirəm ki, meydana 200-300 nəfər axışdı. Bəzilərinin üzərində bıçaq və hətta şiş var idi. Oyunçum durub sakitcə baxmalıydı ki, nə vaxt onu bıçaqlayacaqlar? Siz harasa gedərkən üzərinizə hücum etsələr, özünüzü, ailənizi qorumağa çalışmayacaqsızmı? Meydana bir nəfər çıxsa, anlamaq olar. Amma 200-300 azarkeşdən söhbət gedir. Mənim oyunçularıma cəza veriləcəyini düşünmürəm. Onlar, sadəcə, özlərini müdafiə edirdilər. Hələ olayların görünməyən və danışılmayan hissəsi də dəhlizdə yaşandı. Orda da çox böyük rəzilliklər baş verdi. Osayi-Samuel tam dəhlizə daxil olmaq istəyərkən fanatlardan biri onun arxadan başını divara vurdu. Aləm bir-birinə dəydi. Ağız deyəni qulaq eşitmirdi. Məni də kimsə çəkib saxlayırdı. 3 metrə önümdə olan və yerə yıxılan Osayi-Samuelin yanına gedib çıxa bilmədim. Oğlum Əmrənin başı gicəlləndi və qusdu. Ertəsi gün həkimlər dedi ki, onu həmin gün xəstəxanaya gətirməliydik. Dodağı partlayan kim, qaşı açılan kim... Həmin gün sanki futbol matçından yox, savaşdan qayıtmışdıq. Dərd orasındadı ki, futbol ictimaiyyətində bizim günahkar olmağımız, oyunçularımızın cəza alacağı fikri formalaşır. Bunu anlaya bilmirəm. İnana da bilmirəm. Bəlkə biz fanatlara hücum etmişik? Bəlkə biz onların üstünə bıçaqla getmişik? Amma bütün bu haqsızlıqlara rəğmən, hələ də çempionluq mübarizəsinin içindəyik. Fanatlarımıza demək istəyirəm ki, komandaya daha çox dəstək olsunlar. Gözlərinizi açın. Yaşadıqlarımız ortadadı. Nəylə mübarizə apardığımızı, nəyə qarşı durduğumuzu görün. Qalan 8 matçı da qazanıb çempion olacağıq!

- Aprelin 2-də camiədə önəmli bir toplantı var. Komandanın çempionatdan çəkilməsi gündəmdədi. Bu durum sizə və futbolçulara təsir edirmi? Çəkilmə ilə bağlı qərar qəbul olunsa, bunu dəstəkləyəcəksizmi?
- Bununla bağlı başqanımız və yönəticilərimiz ilə konkret söhbətimiz olmayıb. Aprelin 2-nə qədər onlarla görüşümüz olacaq. Hər şeyi dəyərləndirib başqanımızla birlikdə qərarımızı verəcəyik.

- Əcnəbi hakim mövzusu da çox müzakirə olunur. Çarə olacağına inanırsızmı? Superkubokda əcnəbi hakimin olmasını istərdizmi?
- Bəli, əcnəbi hakimlərin gəlişini dəstəkləyirəm. Əslində mən həmişə öz hakimlərimizə arxa olmağa çalışdım. “Pendikspor”la oyundan sonra “hər kəsə eyni gözlə baxın, nə görürsüzsə, onu da verin” dedim və bu sözümə görə NİK-ə sövq edildim. Halbuki heç kimi günahlandırmadım və heç kimi təhqir etmədim. Başqaları nələr deyir... Mən hakimləri qoruyaraq bir açıqlama verdim və dərhal da belə oldu. Ona görə də artıq hər şeyə inamım itib. Belə şeyləri görəndən sonra əcnəbi hakimin gəlməsini istəyirəm.

- Komandanın kapitanları Ceko və Tadiçlə münasibətiniz necədi? Sizə necə yardım edirlər?
- Onlar üçün yeri gələndə dost, qardaş və ata kimi oluram. Oyun planımızı, sistemimizi mənimsəyiblər. Məşq prosesindən də məmnundular. Qısası, bir-birimizdən məmnunuq. Təbii ki, çatışmazlıqlarımız da var. Həyatda heç kim ideal deyil. Amma münasibətlərimiz şəffaf və demokratikdi.

- Oostervoldenin komanda üçün bu qədər vacib futbolçuya çevriləcəyinə inanırdızmı?
- Oostervolde ötən mövsümün qış transfer dönəmində gəldi. Həmin an hər kəs bu transferi tənqid edirdi. Əslində yayda ayrılması gündəmdə idi. Sadəcə, mən onu bir daha izləmək istədim. Müdafiənin solunda yaxşı oynayırdı. Sonra mərkəzdə ciddi problemlər yaşadıq və onu həmin mövqeyə çəkməli oldum. Uzun müddət bununla razılaşmadı. Onu mərkəzdə oynamağa razı salmaq xeyli vaxt apardı. Sonda razı oldu və bu mövqedə də oynamağı öyrəndi. Avropanın önəmli klubları onunla maraqlanır. Qış fasiləsində də istəyənlər var idi. Satmadıq. Faktiki kluba yeni bir mərkəz müdafiəçisi qazandırdıq. Onun satışından ciddi gəlir əldə edəcəyik. Başqa məşqçilər belə şey edəndə “onu ora çəkdi, bunu bura çəkdi” deyərək yerə-göyə sığdırmırlar. Halbuki biz nələr edirik. Bizim etdiklərimizi heç kim görmür. Fərdi Kadıoğludan sol müdafiəçi düzəldən, Şimanskini “6”, “8” nömrə, eləcə də sağ vinger oynadan, Sərdar Dursunu “10 nömrə” oynadan mənəm. Niyə bunları dilə gətirən yoxdu? Tənqid edənlərin dərdi başqadı. Onlar “bir oyun uduzsaydılar, yerdən-yerə vurardıq”, - deyə gözləyirlər. Bu komanda görün nələri bacarıb. Amma hələ də bizdən əl çəkmirlər. Yetər artıq. Düzdü, artıq vecimə deyil. Amma görürəm ki, tənqid edənlər eyni simalardı. Axı siz necə “Fənərbaxça”lısız?

- “Adana Dəmirspor”la oyuna tam heyətlə çıxacaqsız?
- Bəli, tam heyətlə hazır olacağıq. Çünki zədəlilər də geri dönür. Hər gün futbolçularla söhbət edirəm. Trabzon faciəsini yavaş-yavaş unutmağa başlamışıq. Allahın köməyi ilə zədəlilər də tezliklə qayıdacaq. Mövsümün həlledici hissəsinə yaxşı şəkildə start vermək istəyirik.

ƏLİ RAUFOĞLU

phrase_var_article.chosen
155
40
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close