AZ

“Yüz ölçüb bir biçən” peşə sahibi: “Belə getsə bu sənətlə məşğul olan kişi tapılmayacaq”

Dərzilik ən qədim peşələrdən sayılır. Əvvəllər az qala hər məhəllədə dərziyə rast gəlmək mümkün idi. Bu sahə ilə daha çox kişilər məşğul olurdu. Bu gün isə kişi dərzilərin sayında azalma var. Dərziliklə məşğul olan bəy axtarmaq samanlıqda iynə axtarmağa bərabərdir. Biz də axtarıb 25 ildir dərziliklə məşğul Ramazan Əliyevi tapdıq. O Moderator.az-a bildirib ki, bu sənətə həvəsi ona dayılarından keçib.
 
 
 
“Dərzilik peyğəmbər sənətidir. Adəm peyğəmbərimizin nəvəsi İdris peyğəmbər dərzi olub. Bizdə evdə anam da çox peşəkar xalçaçı olub. Dayım dərzi olub. Onu o qədər çox istəyirdim ki, sənətini də sevdim. Bu həvəs mənə ondan keçib. Hərbi xidmətdə də dərziliklə məşğul olmuşam. Dərzilik sənəti deyərdim ki, incəsənətin bir qoludur. Ona görə də bu sahəyə eşqlə, məhəbbətlə gəlmək lazımdır. İynə peşəkar dərzinin əlinə keçəndə möhtəşəm geyimlər ərsəyə gəlir. İnsandan çox güclü səbr tələb edir ki, oymağı əlinə götürüb, nəsə tikəsən. Səbrsiz insan dərziliklə məşğul ola bilməz. Bir də görürsən ki, müştərinin geyimini tikirsən, əyninə olmur. Məcburiyyət qarşısında qalıb onu söküb, yenidən hazırlayırsan. Təsəvvür edin, öz əlinizlə tikdiyiniz geyimi öz əlinizlə də sökürsünüz” deyə o bildirib.
Ramazan Əliyev deyir ki, tarixən ən yaxşı dərzilər kişilər olub.
 
 
 
“Tarixə nəzər salanda görərik ki, ən qədimdən bəri ilk dərzilər kişilər olub. Dərzilik kişi sənətidir. Bəzən eşidirəm, deyirlər ki, “bu sənət bəylərə yox, xanımlara məxsusdur. Biz nəyə görə dərzilik sənətini öyrənməliyik ki?!”. Mən təəssüf edirəm. Əsl kişi sənətidir. Hər şeyim olsa belə bu sənəti davam etdirəcəyəm. Çünki gözəllik yaratmaqdan hər zaman zövq almışam. Müştərilərimin mənə həmişə ehtiyacı olub. Həm qadın müştərilərim var, həm də kişi. O vaxt bu peşədə rəqabət çox idi. Hamı biri-birinin bəhsinə çalışırdılar ki, daha çox iş görsünlər. Artıq bu sənətdə gənc görmək müşkül məsələyə çevrilib. Hamı ali savada qaçır. Əlbəttə ki, bu yaxşıdır, insan savadlı olmalıdır. Amma peşə də vacibdir. Hamı alim ola bilməz axı! Bizə dərzi də, çəkməçi də, qalayçı da lazımdır. Sənət elə bir şeydir ki, istənilən yaşda işləyə bilirsən. Yaxın gələcəkdə, bir 10 ildə biz çox çətinlik çəkəcəyik. Mənim yanıma uşaqlar gəlir, işə başlamadan öncə soruşurlar ki, nə qədər pul verəcəksən?! Bu hələ öyrənməyə gəlmək istəyir. O vaxt belə deyildi. Usta yanında qalıb işləyirdilər, onun əlinə baxırdılar. Öyrənəndən sonra 1 il əlavə ustanın yanında qalıb onun üçün  pulsuz işləyirdilər. Yaxşı ki, bu gün dərzilik sənəti peşə məktəblərində öyrədilir. Amma ora gedənlərin də əksəriyyəti xanımlardır. Ümid edirəm ki, bu işin təhsilini alanlar gələcəyin savadlı kadrlarından olacaqlar” deyə dərzi Ramazan Əliyev bildirib.
 
 
Seçilən
153
18
Mənbələr
Şərh ()
Bağla