AZ

Tokayev sülh masası qurur - Rusiya xəbərdardır

Ermənistan kiçik dövlətdir. Qazaxıstan kimi böyük dövlətin bazar maraqları kontekstində deyil. Ona görə də məsələni sadəcə olaraq Ermənistan-Qazaxıstan iqtisadi əməkdaşlıq kontekstində dəyərləndirmək doğru olmazdı. Burada Qazaxıstanın özünün geosiyasi, geoiqtisadi maraqları var.

Bunu Teleqraf.com-a politoloq Natiq Miri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərini şərh edərkən deyib.

Natiq Miri hesab edir ki, burada əsas məqam dəhliz layihəsi ilə bağlıdır:

“Bildiyimiz kimi Qazaxıstan çox önəmli ölkədir. Bir kəmər, bir yol layihəsi kontekstində dəhliz Qazaxıstandan keçir. Bu yöndə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 11 milyard avrodan artıq vəsaitin yeni kommunikasiya sisteminə qoyuluşu ilə bağlı konkret Qazaxıstanla razılaşma əldə edib. Bu məsələnin içərisində yalnız AYİB yox, Avropa rəsmi strukturları da mövcuddur. Yəni ortada böyük qlobal anlaşma var. Orta dəhlizin iki istiqaməti mövcuddur. Biri Gürcüstan üzərindən Türkiyə və Avropaya çıxışı təmin edir. Bununla bağlı problem yoxdur. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətdədir. Getdikcə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi də artmaqdadır. Ancaq bir də Ermənistan üzərindən keçən Zəngəzur dəhlizi məsələsi var. Düşünürəm ki, Ermənistan-Qazaxıstan yaxınlaşmasının əsas səbəblərindən biri də bu amildir. Çünki Zəngəzur dəhlizi açıldığı təqdirdə həm nəqliyyat, həm enerji dəhlizini rahatlıqla Türkiyə vasitəsi ilə eyni zamanda Avropaya çıxışını təmin etmək mümkün olacaq. Bu da Orta Asiya və Cənubi Qafqazı birləşdirən yeni nəqliyyat və enerji dəhlizi kimi qiymətləndirilməlidir. Yəni bu strateji bir layihə və qərardır. Qazaxıstan da bu yöndə artıq hərəkətə keçib. Ancaq bu sadəcə Qazaxıstanın özünün gəldiyi bir qənaət deyil. Bu proses Qazaxıstan Prezidenti ilə Azərbaycan lideri arasında razılaşdırılmış məsələdir. Çünki bunun üçün mütləq mənada Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinə ehtiyac var”.

Onun sözlərinə görə, sülh olduğu təqdirdə qeyri-iradi olaraq əməkdaşlıq dövriyyəyə girir ki, bu da münasibətlər sistemini yaradır:

“Tokayevin İrəvan səfərində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini imzalamaq üçün Qazaxıstanın bir vasitəçi missiyası təklif olundu. Bu, heç kimin gözləmədiyi yeni fikirdir. Orta Asiyanın ən böyük və önəmli ölkəsi olan Qazaxıstan tərəfindən yürüdülməsi gözlənilən vəziyyət deyildi. Ancaq bu, bütövlükdə Qazaxıstanla Azərbaycan arasında razılaşdırılan məqamın tərkib hissəsi olaraq mövcuddur. Çünki kommunikasiya sisteminin fəaliyyətə başlamasını düşünürsünüzsə ortada mütləq mənada sülh prosesi olmalıdır. Bunlar bir-birini şərtləndirən məsələdir. Bu şərtləri bir-birindən ayırmaq mümkün deyil. Ona görə də bir tərəfdə Zəngəzur dəhlizi, yeni kommunikasiya sistemləri, enerji və dəhliz məsələsi Ermənistanla müzakirə olunarkən, digər tərəfdən Tokayevin Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı vasitəçilik missiyası ortaya çıxır. Məsələnin anlamı budur. Ola bilsin ki, bu prosesin içərisində müəyyən mənada Rusiya da xəbərdardır. Ancaq hər halda Tokayevin Qazaxıstan Prezidenti olaraq bu prosesi başlatması Azərbaycanın maraqları kənarında deyil. Əksinə, düşünürəm ki, bu, Azərbaycanın maraqları çərçivəsində baş verir”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla