AZ

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının 8-12%, Azərbaycanda isə sığorta sektorunun ÜDM-də payı 1%-ətrafında olduğunu bildirib. Azərbaycan bu baxımdan inkişaf etmiş ölkələrdən 12 dəfə geridədir. Bəs ölkəmizdə sığorta sektorunun ÜDM-də payını necə artırmaq olar?

Bu barədə Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirib ki, bu göstəricilər Avropada birdən-birə artmayıb, bu poses müəyyən qədər vaxt alır. Bunun üçün sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq daha çox olmalıdır:

“Bakı kimi böyük şəhərlərlə yanaşı, rayonlarda da təbliğat olmalıdır ki, insanlar bununla bağlı məlumatlansın. Bundan əlavə olaraq, insanlar sığorta şikrətlərinə güvənməlidirlər. Sığorta şirkətləri öz xidmətlərində, sığorta ödənişlərində sübut etməlidirlər ki, onlara güvənmək olar. Yeni sığorta növləri yaradıla və insanlar arasında təbliğ oluna bilər. İnsanlarda sığortaya güvən yaransa, o zaman bu prosesə büdcə ayırarlar”. 

Ekspert Azərbaycanda daha çox inkişaf edən sığorta növlərindən də danışıb:

“Hazırda, Azərbaycanda könüllü sığorta növləri çox inkişaf etməyib. İnsanlar könüllü olaraq sığortadan az istifadə edir. Azərbaycanda ən çox inkişaf etmiş icbari sığorta növləridir. Sığorta bazarının real inkişafı könüllü sığorta növlərinin çox olmasına bağlıdır. Məcbur deyil, insanlar özləri sığorta etməyə meyilli olmalıdırlar. Nə zaman sığorta növlərinə üz tutanlar çox olarsa, sığorta şirkətlərinin payı da artacaq”.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda sığorta bazarı inkişaf etmiş ölkələrlə müqayisədə həddindən artıq geridə qalıb:

“Hazırkı vəziyyətdə sığorta bazarının inkişaf etdirilməsi çox vacibdir. Sığorta sektorunun ÜDM-də payını artırmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə və sığortaya inamın artırılmasına çox böyük ehtiyac var. Yəni, bu istiqamətdə etimad mühitinin gücləndirilməsi sığorta sektorunun ÜDM-də payının artmasına ən başlıca səbəb ola bilər”.

Əvəz Həsənov

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla