AZ

Özünə inam, məsuliyyət və potensialını qiymətləndirmək bacarığı -Uğurun sirri

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, Bakı məktəblərindən 14, region məktəblərindən isə 25 şagird buraxılış imtahanında maksimum nəticə göstərib.

”İki sahil” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.

Ən yüksək nəticə göstərənlərdən biri də Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmlidir. Həmsöhbətimiz  təəssüratlarını bölüşərkən diqqətə çatdırdı ki, imtahandan çıxanda əmin idim ki, 300 bal toplayacağam: “Nəticə gözlədiyim kimi də oldu. Buraxılış imtahanın nəticələrini avtobusda olarkən öyrəndim və sevincim aşıb-daşdı. Bu xoş xəbəri ilk olaraq anamla bölüşdüm.  300 bal toplamağımda ən böyük rolu oynayan anam və müəllimlərim olub. Bu uğurumda payı olan ailəmə, müəllimlərimə və dostlarıma təşəkkür edirəm”.

Fidan deyir ki, dərs oxuduğum qədər özümə də vaxt ayırırdım və həmişə yaxşı yazacağamı deyirdim. Ona görə də abituriyentlərə tövsiyə edir ki,  dərs oxuduğunuz qədər sevdiyiniz  işlərlə də məşğul olun və həmişə hədəfiniz olsun.

Həmsöhbətimiz birinci ixtisas qrupu üzrə hazırlaşdığını və  Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almaq istədiyini bildirdi. Fidan, həmçinin gələcəkdə  xaricdə informasiya təhlükəsizliyi ixtisası üzrə də təhsil almaq istəyir.

Ən yüksək nəticə göstərən abituriyentlərdən olan Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova da  buraxılış imtahanından maksimum bal toplayacağına inanıb: “11-ci sinifə başlayarkən maksimum nəticə göstərməyi  qarşıma məqsəd qoydum və bunun üçün çalışdım. Nəticədə məqsədimə nail oldum. İmtahan nəticələrimə anamla birlikdə baxdım. Xəbəri və bu xəbərin mənə bəxş etdiyi sevinci ilk olaraq ailə üzvlərimlə bölüşdüm. Üzərimdə əziyyəti olan,  238 saylı tam orta məktəbə, bütün müəllimlərimə, ən əsası ailəmə, anama, atama təşəkkürlərimi bildirirəm”.

Nərmin uğurun sirrini özünə inamda, məsuliyyətli olmaqda və öz potensialını qiymətləndirməyi bacarmaqda görür. Buna görə də imtahanlara hazırlaşanlara ilk öncə diqqətli olmağı tövsiyə edir. Ən əsası da dərslərinə məsuliyyətli yanaşsınlar, onları məcburiyyətkimi görməsinlər, sevməyə çalışsınlar”.

Həmsöhbətimiz birinci ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanına hazırlaşır və Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: “Arzu edirəm ki,  digər imtahanlardan da maksimum nəticə göstərim. Gələcəklə bağlı hədəflərimi bölüşməyim tezdir. Ümid edirəm ki, gələcəkdə istədiyim yerdə olub ölkəmi qürurla təmsil edəcəyəm”.

Buraxılış imtahanında ən yüksək bal toplayan məktəblilərdən biri də Bakının Sabunçu rayonunundakı  28 saylı tam orta məktəbin şagirdi Ayla Əzimlidir. O, Təəssüratlarını “İki sahil”lə bölüşərkən diqqətə çatdırdı ki, buraxılış imtahanının suallarını diqqətlə yoxladıqdan sonra əmin oldum ki, 300 bal  toplamağa nail ola bilərəm: “Müəllimlərimin mənə olan inamı mənə ruh yüksəkliyi verirdi, inamımı artırırdı.  Buraxılış imtahanının nəticələrini eşitdiyim anda keçirdiyim hissləri  sözlə ifadə edə bilmirəm. Sevincimi ilk olaraq valideynlərim və müəllimlərimlə bölüşdüm. Məktəbimizin direktoru Qənirə Əmircanovaya, müəllimlərimdən Xəyalə Orucovaya, Gülsən Soltanova, Xəyalə İsmayılovaya və əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.

Ayla uğurun sirrini əzmlə çalışmaqda, qarşıya qoyduğu məqsədə doğru inamla adımlamaqda görür: “Hər bir abituriyent ən əsası vaxt bölgüsünü düzgün etməli və dərslərə ciddi yanaşmalıdır”.

Həmsöhbətimiz tibb sahəsi üzrə ali təhsil almaq istəyir: “IV ixtisas qrupu üzrə hazırlaşıram. Məqsədim Azərbaycan Tibb Universitetinə daxil olmaqdır”.

İmtahanda 300 bal toplayanlardan biri də Bakının Səbail rayonunundakı 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəlidir. Həmsöhbətimiz buraxılış imtahınında yüksək bal toplayacağına inansa da, həyəcan və qorxu hissi keçirdiyini bildirdi: “İmtahandan 300 bal topladığımı biləndə bu xəbəri ilk olaraq ailəmlə bölüşdüm. Bu balı toplamağımda mənə dəstək olan valideynlərimə, məktəb rəhbərliyinə- direktorumuz Elnur Mirzəyevə, sinif rəhbərim Şəlalə Babayevaya və üzərimdə əziyyəti olan digər müəllimlərimə dərin minnətdarlığımı bildirirəm”.

Nərmin Cəfərova,  birinci ixtisas qrupu üzrə imtahanlara hazırlaşır və Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: “Gələcək hədəfim təhsilimi xaricdə davam etdirməkdir. Hazırlaşdığım sahə üzrə özümü inkişaf etdirməyi düşünürəm”.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla