AZ

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin və Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə S.Qafarova Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı marağın və niyyətin olduğunu göstərdiyini bildirib. Bu mənada səfər çərçivəsində keçiriləcək görüşlərin və aparılacaq müzakirələrin parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı olacağına inam ifadə edilib.

Bugünkü görüşün parlamentlər arasında ilk təmas olduğu xatırladılıb, əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar olduğu, ilk növbədə, əlaqələrin hüquqi bazasının formalaşdırılmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin parlamentlərdə dostluq qruplarının təsis olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, qanunverici orqanlarımızın komitə və komissiyaları arasında əməkdaşlığın yaradılması məsələləri nəzərdən keçirilib.

Öz növbəsində Omayra Naiselin Yeni Kaledoniyanın yerli xalqı – kanakların 170 il sürən fransız müstəmləkəçiliyi altında üzləşdiyi faciəvi aqibətindən söz açıb, ölkəsində insan haqlarının kobud şəkildə pozulması hallarının, davam edən təzyiq və təqiblərin, həmçinin son illərdə keçirilən seçkilərdə müşahidə olunan qanunsuzluqların Fransa hökumətinin bu ölkəyə qarşı həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu bildirib.

O, Azərbaycanın Yeni Kaledoniyaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Fransanın sülh və sabitlik pərdəsi adı altında sırımağa çalışdığı boş vədlərin uzun illər boyu onun ölkəsinə yalnız böyük faciələr gətirdiyini deyən qonaq Parisin Numea və Matinyon müqavilələrindən irəli gələn öhdəliklərini hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, özünü dünyada azadlıq və demokratiya carçısı kimi qələmə verən Fransa insanların təməl hüquqlarını heçə sayır, yürütdüyü müstəmləkəçilik siyasəti ilə Yeni Kaledoniyada qeyri-sabitliyə gətirib çıxaran prosesləri fəal şəkildə dəstəkləməkdədir.

Parlamentin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər barədə danışıb, neokolonializmə qarşı mübarizəyə dəstək nümayiş etdirdiyini deyib.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə də toxunulub.

Söhbət zamanı Milli Məclisin dünyanın bir çox ölkələrinin parlamentləri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açılıb, 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verilib.

Yeni Kaledoniya nümayəndə heyətinin rəhbəri ölkəsinin üzləşdiyi iqlim dəyişikliklərindən yaranan çağırışlar barədə də danışıb, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un dünyada bu istiqamətdə mövcud olan problemlərin həllinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Seçilən
86
50
Mənbələr
Şərh ()
Bağla