AZ

Cavanşir Paşazadə Hadi Rəcəblidən danışdı: "Zəhməti çəkən də millət vəkilləri, söyülən də onlar..."

"Ölənin arxasınca danışmazlar. Bu, Azərbaycanın adət-ənənəsinə xas bir şey deyil. Hadı Rəcəbli Milli Məclisdə uzun müddət sosial məsələlərlə bağlı komitəyə rəhbərlik edib. O dönəmdə bir çox məsələlərin həllində iştirak edib, xeyli insana dəstək olub. Mən özüm neçə dəfələrlə bunun şahidi olmuşam. İnsanların hamısına şamil etmirəm, amma bəziləri var ki, kimsə vəzifədən gedəndən, həyatını itirəndən sonra onun haqqında danışır. Elə bil bu, hobbidir. Ya da "sezon" söhbətidir. Məsələn, Ramazanda orucluqdan danışırlar, Məhərrəm ayında Məhərrəmlikdən, futbol ərəfəsində futboldan, qəbul imtahanları olanda imtahandan danışırlar. Hadı müəllimin siyasətdə, Milli Məclisdə çalışdığı dövrlərdə apardığı iş təqdirəlayiqdir. İndi onun ailəsində böyük hüzndür. Onun fəaliyyətindən razı olanlar da, olmayanlar da var. Bəzi insanların gözü kiminsə nailiyyətlərini, gördüyü işləri götürmür. Bizdə də belə şeylər çoxdur. Narazı olanlar fikir bildirəndə bəziləri də onlara qoşulurlar. Razı olanlar isə heç bir fikir bildirmirlər".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

"Hər kəs verdiyi vədi, dediyini etməyə qadir olmaya bilər. Ola bilsin, Hadı müəllim də kiminsə xahişini nə vaxtsa həyata keçirməyib. Bunların hamısını bir kənara qoyaq. Bu adam bu gün həyatda yoxdur. Özünə rəhmət, ailəsinə cansağlığı, səbir diləyirəm", - o qeyd edib.

 

C.Paşazadə zaman-zaman deputatlarla bağlı səsləndirilən tənqidlərə də münasibət bildirib: "Hər bir sahədə işi aparan təşkilatlar, nazirliklər var. Onlardan küsənlər millət vəkillərini günahlandırırlar, razı qalanlar isə yenə də millət vəkillərindən razı qalmırlar. Millət vəkillərinə havayı zəhməthaqqı alan şəxslər kimi baxırlar. Təbii ki, bu, hər kəsə aid deyil. Bir qisim insan bu cür fikirləşir. Düşünmürlər ki, 125 nəfərin neçəsi partiyaları təmsil edir, parlamentdə insanların seçib etimad göstərdikləri şəxslər oturublar. Hadı müəllim  kimi 20 il dövlətimizin siyasətini həyata keçirən, qanunlar qəbul edən, qanunların altında imzası olan bir insana bu qədər təhqir düzgün deyil. Bütün sahələrə aid qanunlar millət vəkilləri tərəfindən qəbul olunur. Millət vəkili "işgörən" deyil, dövlət və xalq arasında münasibət quran, xalqın sözünü dövlətə çatdıran vəkildir, seçikili orqanıdır. Əlindən bu gəlir, məktubla müraciət edir. Digər məsələlərdə də bacardığı qədər insanlara dəstək olmaq istəyir. Müraciəti həyata keçirməyən, başlı-başına təşkilatların heç adları tutulmur. Zəhməti çəkən də millət vəkilləri, söyülən də onlar. Yenə də deyirəm, hər kəsi nəzərdə tutmuram, belə fikirlər səsləndirənlər arasında müxalifətin fikirlərinə dəstək olmağa çalışan, sapı özümüzdən olan baltalar da var. Bu yaxınlarda da mitinq planlaşdırırlar. Bir qrup çalışır ki, millət vəkillərini, dövlətin apardığı siyasəti gözdən salsın. Əminəm ki, xalqımızın əksər üzvü dövlətimizi, dövlətçiliyimizi dəstəkləyir, Ali Baş Komandanımızın ətrafında sıx birləşib, onun apardığı siyasəti bundan sonra da dəstəkləyəcək. Çünki ətraf ölkələrdə olan vəziyyəti hər birimiz görürük. Bizim dövlətdəki sabitlik, dövlətimizə olan inam heç bir ölkədə yoxdur. Ən böyük xarici təşkilatların beynəlxalq tədbirləri bu gün Azərbaycanda keçirilir. COP29 kimi bir tədbirin Azərbaycanda keçirilməsi dünyada inam bəslənilən, etibarlı ölkə kimi qəbul edilməyimizin nümunəsidir. İş olmayan yerdə narazılıq, səhv olmur. İş olan yerdə isə səhvlər mütləq olur. Xalqımızın hər bir fərdinə millət vəkili kimi hörmətimiz var".

 

Aytəkin Qardaşova

Tarix: 19 Aprel 2024, 08:59   
Seçilən
68
21
Mənbələr
Şərh ()
Bağla