AZ

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.

 

Sağlam olduğumuz müddətcə, hər şeyin öhdəsindən gələ bilərik, bəs səhhətimiz buna imkan verməsə? Acı çəkdiyiniz zaman və bunun keçməyəcəyini bildiyiniz zaman həyatınızın bitməsini istərdinizmi? Dini, məsələnin hüquqi tərəfini və başqalarının nə düşündüyünü, bir kənara qoyaq. Evtanaziya insanlar üçün müalicədir, yoxsa qaçışdır?

 

Sfera.az evtanaziya haqqında maraqlı yazı təqdim edir. 


Evtanaziya mövcud tibbi məlumatlara görə müalicəsi mümkün olmayan ağır, ağrılı və sıxıntılı xəstəlikdən əziyyət çəkən insanların tibbi şəkildə öldürülməsi, müalicəsinin dayandırılması kimi müəyyən edilir.


Başqalarının əziyyət çəkməsinə mane olduğu üçün tərifinə görə vicdanlı bir anlayış kimi səslənsə də, evtanaziya hüquq, əxlaq və din kimi bir çox mövzunu yaxından maraqlandıran bir quruluşa malikdir.

 

Fərdlərin ən təməl şəxsi hüququ olan “yaşamaq hüququ” zərurətdir, yoxsa yaşamaq hüququ ilə yanaşı “ölmək hüququ” da olmalıdır?


Evtanaziya bu mübahisənin tam ortasında dayanan və əsrlər boyu heç bir aydın cavab tapılmayan kəskin bir xətt kimi qarşımızda görünür.
Keçmişdən bu günə qədər bir çox filosof, həkim, din xadimi və hüquqşünasın üzərində düşündüyü və ortaq bir fikrə gələ bilmədiyi evtanaziyanın tarixi Qədim Yunan və Roma dövrünə gedib çıxır.


Hərfi mənada “gözəl ölüm” mənasını verən evtanaziyanın tətbiq olunma üsuluna görə iki növü var. Bunlardan birincisi, öldürücü maddənin həkim tərəfindən birbaşa xəstəyə yeridilməsi ilə həyata keçirilən aktiv evtanaziyadır. Digəri isə passiv evtanaziyadır, burada aparata bağlı yaşayan xəstə həyati dəstək bölməsindən çıxarılır və ya müalicə dayandırılır və xəstənin ölümü gözlənilir.


Hollandiya, Belçika, Lüksemburq və Kolumbiya kimi ölkələrdə, eləcə də ABŞ və Kanadanın bəzi yerlərində evtanaziya qanuni prosedurdur və çox vaxt xəstələrin istəyi ilə həyata keçirilir.


İsveçrə və Çində evtanaziya üçün xüsusi klinikalar var. Ölkəmizdə aktiv evtanaziya qanuni deyil, xəstələrin yalnız müalicə başlayana qədər passiv evtanaziya hüququ var. Lakin müalicə başlayıbsa, xəstənin müalicəni dayandırmaq hüququ yoxdur. Passiv evtanaziya qəbul edilsə də, məsələnin dini inanc tərəfini nəzərdən keçirdikdə ölkəmizdə aktiv evtanaziyaya o qədər də müsbət baxılmayacağını söyləmək olar.


Bəs, evtanaziya necə həyata keçirilir? Xəstə gözlənildiyi kimi dinc ölür, yoxsa əməliyyat zamanı xəstə hər hansı ağrı hiss edir?

 

Evtanaziya xəstəyə dərman verilməklə və ya iynə vurulmaqla həyata keçirilir və tətbiqdən əvvəl xəstə ölmək istədiyini açıq şəkildə ifadə etməlidir. Daha sonra xəstəyə prosedur haqqında ətraflı məlumat verilir və dərman qəbul etdikdən sonra özünü necə hiss edəcəyi izah edilir. Xəstəyə verilən dərman xəstənin huşunu itirməsinə və ağrı hiss etməməsinə səbəb olur. Daha sonra dərmanın təsirindən xəstənin nəfəsi tamamilə dayanır.


Tutaq ki, ölkəmizdə evtanaziya qanuniləşdirilib. Bu halda kimin evtanaziya ediləcəyinə necə qərar veriləcək? Çünki xəstənin iradəsinə zidd olaraq evtanaziyanın həyata keçirilə bilməsi ehtimalı da var.


Xəstəliyi ailələrinə yük kimi görən insanların evtanaziya hüququndan sui-istifadə etməsi mümkündür. Belə bir vəziyyətdə evtanaziyanın sui-istifadəsinin qarşısı alınmalıdır. Bununla bağlı maraqlı bir misal var:

 

Uşaqlıqda aldığı xəstəlik nəticəsində hərəkət qabiliyyətini itirən və 12 il komada qalan Cənubi Afrikalı Martin Pistorius komadan çıxandan sonra ailə üzvlərinin onun haqqında dedikləri hər şeyi eşitdiyini bildirib.

 

Martinin dediyinə görə, anası ona “Ümid edirəm ki, öləcəksən” deyib. Belə olan halda ailəyə evtanaziya hüququnun verilməsi və onun iradəsinə zidd olaraq Martinin həyatının alınması nə dərəcədə düzgün olardı?


Təbii ki, məsələnin insanların qəlbini ağrıdan, vicdanını yükləyən bir ölçüsü də var. Əgər xəstə çox ağrı çəkirsə və öz iradəsi ilə həyatına son qoymaq istəyirsə, həqiqətən onun qarşısını almaq lazımdırmı?

 

Kaliforniya ştatında evtanaziya hüququ xəstəliyinin son mərhələsində olan və ya 6 ay ömrü qalan xəstələrə verilir. Bədənindəki bütün əzələlərə nəzarəti itirən 41 yaşlı ALS xəstəsi Betsy Davis bu hüququndan istifadə edərək dünyasını dəyişən ilk insan olub. Ölümündən əvvəl bütün dostlarını bir yerə toplayıb, iki gününü bütünlükdə onlarla keçirən, son dəfə günəşin doğuşunu seyr edən və həkim nəzarəti altında həyatına son qoyan Betsinin bu haqqı onun əlindən alınmalı idimi?

 

Göründüyü kimi, bu məsələ ilə bağlı qəti qərar vermək kifayət qədər çətindir. İnsanları ziddiyyətə salan vicdan yükünün bir çox məqamları və ölçüləri var. Axı bunu həyata keçirən şəxs üçün bu, o qədər böyük yükdür ki, insanların çoxu onu boynuna götürmək istəməz.


Araşdırmalara görə, həkimlər könüllü evtanaziya həyata keçirərkən özlərini daha rahat hiss edirlər. Çünki xəstənin razılığını bilə-bilə evtanaziya etmək həkimlərin cinayət təfəkkürünə girməsinin qarşısını alır. Ancaq nə qədər baxsan da, həm xəstə, həm xəstə yaxınları, həm də onu aparacaq həkim üçün qərar vermək və həyata keçirmək çox çətin prosesdir.

 

Nəhayət, sizi Toni Niklinsonun hekayəsi ilə başbaşa buraxaq:

 


2005-ci ildə "locked-in sindromu" adlı xəstəliyə tutulan və boyundan aşağı iflic olan Tony Niklinson evtanaziya hüququ əldə etmək üçün uzun illər mübarizə aparıb. Xəstəliyinə görə Niklinson təkbaşına nə yemək yeyə, nə də danışa bilirdi. Nəfəs almaqda belə çətinlik çəkən Niklinson ətrafdakılarla ancaq gözlərini qırparaq və kompüter vasitəsilə ünsiyyət qura bilirdi.

Toni

Niklinson illər boyu məhkəmələrdə evtanaziya hüququ uğrunda mübarizə aparıb. Lakin bu tələb hər dəfə rədd edilib. Son məhkəməsindən sonra bir daha rədd cavabı alan Niklinson göz yaşlarını saxlaya bilməyib.


Ailənin vəkili Saimo Çahalın sözlərinə görə, Niklinson bu qərardan çox üzülüb və məğlub olduğunu düşünərək yeməkdən imtina etməyə başlayıb. Bir həftə yemək yeməyən və bədəni çox zəifləyən Niklinsonun vəziyyəti pisləşməyə başlayıb və sonunda pnevmoniyaya tutulub. Ölümündən sonra qızı atası ilə bağlı paylaşım edərək atasının son sözlərini onunla maraqlanan insanlara  çatdırıb:

 

“Əlvida dünya, nəhayət o an gəldi, amma mən çox xoşbəxt bir həyat yaşadım”…

 

Xanım

Sfera.az

Seçilən
105
10
Mənbələr
Şərh ()
Bağla