AZ

Şəkidə tarixi ənənəni yaşadan BACILAR – Azərbaycanın ilk tingçilik təsərrüfatından REPORTAJ – FOTO 

Meyvə və meyvəçilik, bağçılıq, tingçilik deyəndə ilk olaraq Quba və ətraf rayonları düşünürük. Lakin əksər insanlar bilmir ki, ölkəmizdə ilk tingçilik təsərrüfatı, keçmişin dili ilə desək, tingçilik sovxozu Şəkinin Çeşməli kəndində olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, elə bu kənddə təməli qoyulan tingçilik ölkəmizdə və ətraf regionlarda sonradan təşəkkül tapıb. 

Tingçilikdən söhbət düşmüşkən həmin ənənələri yaşadanlar haqda söhbət etmək istəyirik. 

Bu sahədə ad çıxaran, alın təri və zəhməti ilə ucalan, ölkəmizdə bu sahədə çalışan tək-tük qadınlardan olan Nəfiə Əsədova və ailəsindən söz açacağıq.

Aprel və may ayları daxil ölkəmizdə tingçiliyin ən optimal və əkin işlərinin aparıldığı dövr hesab edilir. Bu mənada tingçiliklə məşğul olanların bu günlər bir dəqiqə boş vaxtları yoxdur desək, yanılmarıq. 

Yəqin ki, çoxumuz ölkəmizin ilk tingçilik təsərrüfatının hansı rayonda olduğunu və o təsərrüfatın birbaşa Moskvaya tabe olmaqla ümmumittifaq əhəmiyyətli layihələr həyata keçirdiyini bilmirik...
Tingçi Nəfiə Əsədovanı tək Şəkidə deyil, ölkəmizin bütün bölgələrində meyvəçiliklə məşğul olan insanlar, iş adamları tanıyır. Bu qadını tanıyanlar bilir ki, beş barmağının beşi də qızıldır. Çalaq etdiyi ağaclar, yetişdirdiyi tinglər çox nadir hallarda yetişmir. 

Nəfiə xanımın bu sahəyə gəlməsində isə onun böyük bacısı Çimnaz xanım böyük rol oynayıb. Bu ailə hamılıqla vaxtı ilə tingçilik sahəsində ilk fəaliyyətə başlayan və onun bütün sirlərini öyrənənlərdəndir. Tingçilik sovxozu dağılandan sonra isə bacılar bir araya gəlib şəxsi təsərrüfatlarını qurublar.    

Özünün dediyi kimi, onu evdə tapmaq müşkül məsələdir. 

Onun səsi gah Şəmkirdən, gah Tərtərdən, gah da Şamaxıdan gəlir. Zəhmətlə ucalan, üç qız övladı böyüdən Nəfiə xanımın ailəsinin əsas gəliri elə tingçilikdən gəlir.   

Bacılar evdə olduqları vaxtlar isə öz təsərrüfatlarına vaxt ayırır, buranın qayğılarını həll edirlər. Söhbət əsnasında öyrənirik ki, onlar Şəki və bölgənin digər rayonlarında daha çox klassik calaq növlərindən istifadə edirlər. Çünki buranın iqlimi elə bu calaqlar üçün faydalıdır. Bacılar intensiv bağçılıqda həyata keçirilən istənilən üsulları da mütəxəssislərdən az bilmir.   

Təsərrüfatda olduğumuz bir neçə saat ərzində Nəfiə xanıma gələn zənglərdən də hiss olundu ki, o, öz işinin ustasıdır. Zəng edənlər ya məsləhət alır, ya ting istəyir, ya da növbəti günlər üçün bağçılıq təsərrüfatında görüləcək işləri bu xanımla planlaşdırırdılar. 
Biz də alın təri və zəhməti ilə ucalan, tarixi ənənələri, tingçiliyi yaşadan bacılara uğur diləyib təsərrüfatdan ayrılırıq.


















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla