AZ

Dünyanın 7 ən cəlbedici ölkəsindən biri

Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib

Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini təmin edir. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də daxil olmaqla dörd layihədə iştirak edir. Bundan əlavə, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsi (“Şahdəniz-2”, TANAP, TAP və BTƏ seqmentləri) uğurla tamamlanıb. Əsas investor kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici iqtisadiyyata investisiyaların həcminə görə MDB məkanının aparıcı dövlətlərindən biridir. Dünyanın aparıcı iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarına görə, ölkəmiz regionun coğrafi investisiya mərkəzinə çevrilib.

Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. İlk növbədə, respublikamızda əlverişli investisiya mühitinin yaradıldığını qeyd etməliyik. Azərbaycan dövləti milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Bu mövqe ölkədə biznes mühitinin ardıcıl optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbulunda özünü göstərir.

Azərbaycan hökuməti ölkənin investisiya cəlbediciliyini artırmaq üçün islahatlar çərçivəsində institusional bazanı daim optimallaşdırır. Belə ki, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan İnvestisiya Holdinq”i yaradılıb. Bununla yanaşı, kifayət qədər böyük sayda xarici şirkət işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır. Turizm, kənd təsərrüfatı, qida emalı, işıqlandırma sənayesi və texnologiya transferi kimi sahələrdə ölkələr arasında iqtisadi inkişaf təşəbbüsləri nəzərdən keçirilir. Bu təşəbbüslərin bir çoxu Azərbaycana Avropa İttifaqına üzv ölkələrlə birbaşa mübadilə etmək imkanı verir.

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə 6,1 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69,9 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar olub. İMF Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsi sırasında qərarlaşdırıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 5 ölkə aşağıdakılardır:

- Böyük Britaniya (1,9 milyard dollar),

- Türkiyə (1,3 milyard dollar),

- Kipr (792 milyon dollar),

- Rusiya (617 milyon dollar),

- İran (396 milyon dollar).

Göründüyü kimi, ölkəyə birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır. Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda, rəqabəti artırır, ölkəyə beynəlxalq bilik və texnologiyalar gətirir. Həm neft-qaz sektoruna, həm də qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbətdir. Neft-qaz sektoruna daha çox xarici investisiya yatırılır. Çünki bu əmtəələrin bazarı var, satış riskləri aşağıdır, dövlət bu sahədə olan investisiya müqavilələrinə zəmanət verir.

Birbaşa xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün çox müsbətdir. Çünki birbaşa xarici investisiyaların qoyulması ilə ölkəyə beynəlxalq bilik və təcrübə gətirilir. Birbaşa xarici investisiya o deməkdir ki, ölkədə beynəlxalq dəyər zənciri formalaşır. Əksər hallarda ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar uğurlu olur.

Mərkəzi Bankın məlumatına əsasən, 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın məbləği illik müqayisədə 19,1 faiz artıb. Ötən il Rusiya Azərbaycana 617 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.

Ümumiyyətlə, ölkəmizdə investisiya mühitinin optimallaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir və bütün bunların uğurlu nəticələri respublikamıza müxtəlif mənbələrdən cəlb edilən investisiyaların həcminin artmasında özünü göstərir.

Cavid Əkbər, “İki sahil”

Seçilən
178
Mənbələr
Şərh ()
Bağla