AZ

Manukyan: “Bakı ilə son razılaşmalar ciddi təhlükəsizlik problemi yaradacaq”

“Ermənistan və Azərbaycan hakimiyyəti arasında son razılaşmalar Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri üçün ciddi təhlükəsizlik problemi yaradacaq, xüsusən də Paşinyan heç bir hərbi əməliyyatların olmayacağına zəmanət vermir”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan deyib.

O əlavə edib ki, gündəlik mühəndislik işlərinin aparılmasında problemlər yarana bilər.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin əvəzinə müəyyən ərazilərdə yüngül silah daşıyacaq sərhədçilər yerləşdiriləcək, Azərbaycan tərəfi isə ağır texnika ilə silahlandırılacaq.

“Azərbaycandan birdən-birə genişmiqyaslı hücum başlasa, o zaman Ermənistanın müəyyən ərazilərdə döyüş xidməti aparan qüvvələri olmayacaq. Ona görə biz dedik ki, delimitasiya qismən aparıla bilməz, ya bütün sərhəd boyu aparılır, ya da yox”, – Manukyan qeyd edib.

O qeyd edib ki, Azərbaycanın istədiyi sərhədlər tanınır, lakin Ermənistanın maraqlarından söhbət getmir.

“İki yerdə Ermənistan-Gürcüstan yolunun bir hissəsi və Kirants kəndindəki evlərdən biri Azərbaycanın nəzarətinə keçəcək. Eyni zamanda, Azərbaycanın nəzarətində olan Ermənistanın əraziləri, Berkarbera kəndi haqqında bir kəlmə də yoxdur”, – deyə deputat vurğulayıb.

“Keçən həftə qapalı görüş zamanı mən Ermənistan baş nazirinin müavini Mher Qriqoryana sual verdim ki, Tavuşda sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı həll yolu varmı? Cavab verdi ki, yox. Bu bir həftədə nə baş verdi? Birdən komissiyaların səkkizinci iclasının keçirildiyi xəbəri gəlir.

Paşinyanın yalan danışdığını, gizli razılaşmaların əldə edildiyini və Mher Qriqoryanın komissiyasının sadəcə icraçı olduğunu göstərən press-reliz yayılıb. Eyni zamanda, əvvəllər komissiya anlaşılmazlıqların olduğunu, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri isə xəritələrin məsələsi ilə bağlı heç bir razılığın olmadığını bildirmişdi”, – deyə o, yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
177
Mənbələr
Şərh ()
Bağla