AZ

Azərbaycanda uşaq futbolunun inkişafı üçün nə etmək lazımdır? - RƏY

Uşaqların, eləcə də gənc nəsilin qeyri-sağlam həyat tərzi keçirməsi bütün ölkələrdə qəbuledilməz faktordur. Xüsusilə uşaqların fiziki-mənəvi inkişafı üçün idman mühüm şərtdir. Uşaqlarda idmana sevgi və marağın aşılanmasında təkcə dövlətin deyil, cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Hazırda Azərbaycanda uşaq idmanının inkişafı sahəsində müəyyən problemlərin olduğu hər kəsə bəllidir. Xüsusilə, uşaq futbolu Azərbaycan idmanında problemli sahələrdən biri sayılır. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, gənclik illərində uzun müddət futbolla məşğul olub, bu gün də bir çox komandalara azarkeşlik edir:

“Əlbəttə, Azərbaycan futbolunun vəziyyəti bir vətəndaş kimi məni də narahat edir. Böyük futbola gedən yol uşaq futbolundan, kənd, məhəllə futbolundan başlayır. Çünki dünya futbol ulduzlarının, məsələn, Maradonanın, Pelenin, Messinin və digərlərinin həyatına nəzər salsaq, onların da futbola ilk dəfə məhəllədən başladıqlarını görərik. Kənd, məhəllə futbolunun zəif olması, inkişaf etməməsi bu gün bizi yüksək səviyyəli yarışlarda iştirak etmək imkanından məhrum edir. Sözün açığı, kənd uşaqları həm fiziki, həm də müəyyən bacarıq sahəsində şəhər uşaqlarından fərqli olurlar. Onlar daha dözümlüdürlər. Buna görə də ilk olaraq futbola uşaqlıqdan vərdiş aşılanmalı, təbliğ olunmalıdır. Əslində, ölkəmizdə son illər uşaq futboluna maraq xeyli artıb. Bu gün respublikamızın əksər rayonlarında idman olimpiya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərin nəzdində mini, həm də geniş ölçülü futbol meydançaları var. Burada uşaqların futbol bacarıqlarının artırılması, təkmilləşdirilməsi üçün hər cür imkanlar yaradılıb. Ancaq dövlətlə bərabər, bu sahəyə ictimai təşkilatların, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, valideynlərin - hər kəsin dəstəyi vacibdir. Çünki futbolun inkişafı təkcə dövlətdən asılı deyil. Bunun üçün həm idman mütəxəssisləri, həm də müvafiq orqanlar maraqlı olmalıdırlar. Hazırda rayonlararası yarışlar xeyli genişlənib. Azyaşlı uşaqların futbola gəlmələri də sürətlənib. Buna böyük maraq var. Çünki futbol bir idman növü kimi bu gün dünyada ən populyardır. Özünə ən çox azarkeş cəlb edən idman növüdür. Sözsüz ki, bu məsələ parlamentdə də dəfələrlə dilə gətirilir. Mətbuatda deputatların bu barədə çıxışları, təklifləri var. Düşünürəm, uşaq futbolu ilə bağlı məsələ qaldırılması çox önəmlidir”. 

 

Azərbaycanın qocaman futbol mütəxəssisi Ağasəlim Mircavadov isə saytımıza açıqlamasında deyib ki, problemin həlli üçün ən birinci məktəblərdə idman dərsi olmalıdır: 

Son

“İdman dərsləri varmı? Xeyr. İkincisi, pulsuz məhəllə futboluna diqqət etmək lazımdır. Çünki futbolun təməli məhəllədən keçir. Hər kəs bilir ki, hazırda dünyaca məşhur “Mançester”, “Real”ın özü çox vaxt məşq prosesində üçə-üç, dördə-dörd məhəllə futbolu oynayıblar. Biz də hələ oynayırıq. Mən də işləyəndə tez-tez bu oyunu verirdim. Yəni bunlardan başlamaq lazımdır. Gəlin, klubların akademiyasına baxaq. Kimin akademiyası var? Təkcə “Qəbələ” Futbol Klubunun akademiyası var. Qalmağa yeri, meydançaları, şəraiti də yaxşıdır. Qalan klubların isə adları "akademiya"dır. Bir meydançada üç komanda məşq edə bilər? Yox. Bizdə belə "şəraitlər" də var. Buna görə də birinci şəraiti düzəltmək lazımdır. Bundan sonra isə istək olmalıdır”. 

 

Mütəxəssis bildirib ki, uşaq idmanında məşqçilər klub rəhbərlərindən asılıdırlar: “Uşaq məşqçilərinə təzyiq olmasın ki, “sən bu oyunu udmalısan”. Uşağa futbolu, topu sevdirmək lazımdır ki, uşaq özü açılsın. Bax, söhbət bundan gedir. Sizə bir hadisə danışım. Altı-yeddi ilin söbbətidir. Mətbuatda oxumuşdum. Almaniya klubunun baş məşqçisi uşaqlara təzyiq etdi ki, oyunu udmalısınız, hansısa qrupa keçməliyik. O qədər təzyiq etdi ki, oyunçular sonda oyunu uduzdular. Sonra izahat alındı, məlum oldu ki, məşqçi uşaqlara təzyiq göstərib. Nəticədə klub rəhbəri həmin məşqçini işdən çıxarıb. Yəni klub rəhbərləri ilə yanaşı uşaq məşqçilərimizin özlərində də problem var. Müəllim istəyir ki, uşaq qələbə qazansın. Bir var ki, uşaq özü daxilində inkişaf edir, məqsədli olur, bir də var, uşaq məşqçinin sxeminə uyğun hərəkət edir. On ildən çoxdur, cinah hücumları inkişaf etdirilir. Bizim oyunçularımız cinahlarda oyunçu aldada bilmirlər. Əvvəllər buna "sağ kənar hücumçu", "sol kənar hücumçu" deyirdilər. Yüngül şəkildə rəqibi aldadırdılar. Bunun özü də məhəllə futbolundan gəlirdi. İnanın,  problem həddindən artıq böyükdür. Əslində, ən birinci uşaq bağçasından başlamaq lazımdır. Necə ki almanlar vaxtilə uşaq bağçasından üzməyi öyrətməyə, futbolu sevdirməyə başladılar. Orta məktəblərdə indi idman dərsləri yoxdur, hələ universitetləri demirəm. Nəvələrimdən soruşuram, məktəbdə idman dərsi keçirilmir. Əvvəllər məktəblərdə futbol meydançaları olurdu. 1960-cı illərdə biz siniflərarası, sonradan isə məktəblərarası futbol yarışlarına qatılırdıq. Məni oradan “Spartak” Cəmiyyətinə götürdülər. Futbola bu cür gəldim. Bəs niyə biz bunu geri qaytarmayaq? Biz yuxarıdan başlayırıq, aşağıdan yox. Mən bunu faciə sayıram. Dirəyi yuxarıdan düzəltmirlər, aşağıdan düzəldirlər. Bunu yaddan çıxarmayın". 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

 

Tarix: 20 Aprel 2024, 09:42   
Seçilən
93
Mənbələr
Şərh ()
Bağla