AZ

Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kədləri barədə: "Tarix yazılır"

“Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilməsi xəbəri məni hədsiz sevindirdi. Sevinmək sözü belə bu xəbərin qarşısında aciz qalır. Bu, bizim tariximizdir. Ali Baş Komandanımız, əsgərlərimiz başda olmaq şərtilə biz tarix yazan insanların içərisindəyik. Mən xüsusi olaraq sevinirəm. Qazaxın eksklav kəndi olan Yuxarı Əskiparada doğulmuşam. Ən böyük, mənzərəli, tarixi  abidələrlə zəngin, qədim yaşayış məskəni olub bu kənd. Hazırda da o cür qalıb, ermənilər qədim tarixi abidələri dağıda bilməyiblər. Bu torpaq uğrunda, bu daş-qaya uğrunda sürünmüşük, sürünməli idik də. Düşməni toplarla vurub param-parça etmişik”.
 
Bunu Moderator.az-a açıqlamasında ehtiyatda olan zabit, polkovnik-leytenant Ərəstun Hacıyev (Topçu Ərəstun) bildirib.
 
O daha sonra əlavə edib:
“Ekslavlar çətin və qəliz məsələdir. Bilirik ki, onun gömrük məsələləri var, keçid məntəqələri olmalıdır, mühafizə təşkil olunmalıdır. Əlbəttə ki, hamısı birdən həll oluna bilməz. İki dövlət arasındakı sərhəd haqda razılığa gəlinməsi böyük nailiyyət, böyük uğurdur. Bu bizim növbəti zəfərimizdir. Azərbaycan torpağımın hər bir qarışı bizim üçün əziz və doğmadır. Mənim də doğulduğum Qazaxın Yuxarı Əskipara kəndi 1992-ci ilin 8 iyununda düşmən tərəfindən işğal olunmuşdu. Təəssüf ki, o vaxt o kəndi qoruya bilmədik. Çünki nə ordumuz, nə də hərbi sahədə uğurlarımız yüksək deyildi. Şükür Allaha ki, 4 kəndimiz qayıtdı. Qaytarılmayan kəndlər də bizim eksklavımızdır. Ada şəklində Ermənistanın içərisindədir. Bu kəndlərdən biri Yuxarı Əskiparadır. Çox mənzərəli, tarix qoxan kənddir. Bu kəndi Qazaxın Şuşası adlandırıram. Bu kənd barəsində şeir də yazmışam.
 
“Sən də Qazaxımın Qarabağısan
Hər yanı kəsilmiş yara bağısan
Acı bir segahsan, ahsan, ağısan
Döndüm sözdən qala tikən memara
Baxıb macalına ay Əskipara!”.
 
 
Hər dəfə kənd barəsində danışanda doluram, kövrəlirəm. Bu mənim doğulub boya-başa çatdığım kənddir. Oranın suyu qanımızda, torpağı canımızda, havası nəfəsimizdə, təbiəti ruhumuzda cəmlənib. Kənd dağdan, qayadan, sudan ibarət bir yerdir. Kəndi kənd edən onun əhalisi, döyüşçüləri, yazıçıları, fəhləsindən tutmuş ziyalılarına qədər şərəfli insanlarıdır”.
 
Ərəstun Hacıyev bu illər ərzində müxtəlif döyüşlərdə iştirak edib.
 
“Artilleriya hərbi məktəbini 1984-1988-ci illərdə Ukraynada bitirdim. Orda da əlaçı idim. 1991-ci ildə Azərbaycana gəldim. Hələ o zamanlar sərhəddə Sovet qoşunları dayanmışdı. Azərbaycan ordusuna keçməzdən öncə Sovet qoşunları burdan çıxanda onlara müəyyən basqılar təşkil etdik. Silah-sursat götürdük ki, vuruşaq. O vaxt peşəkar zabitlərimiz az idi. Digərləri də döyüş hərbi məktəb məzunları idi. O qədər də güclü döyüş bilikləri əldə edə bilməmişdilər. Hərbidə problemlər var idi. Artilleriya qüvvətli, qüdrətli silahdır. General Əliağa Şıxlinskinın davamçısıyam, Qazaxı təmsil edirəm. Xidmətim ön xəttdə olub. 23 il səngərdə oldum. 48 yaşımda 64 il stajla pensiyaya çıxdım. Sonra TTM-də dərs dedim, zabitlər, topçu-artilleristlər yetişdirdim. Onlar elə 2-ci Qarabağ müharibəsində çox fəal iştirak etdilər. Ön xəttdə daim mənimlə əlaqə saxlayırdılar. 70-dən çox müxtəlif dərəcəli döyüşlərdə iştirak etmişəm. 1992-ci ildə Başkənd əməliyyatında iştirak etmək mənə nəsib oldu. Başkənd Gədəbəyin ərazisindədir. Ermənilərin eksklavıdır, bizim üçün isə anklavdır. Avqust ayının 6-da əməliyyatlara başlayıb, 8-də oranı götürdük. Ağdərədə düşmənin hücümunun qarşısını almışam. Bütün Qazax, Ağstafa, Tovuz, Gədəbəy bölgəsində mənim hərbi toplarım idi. 11 il Naxçıvanda xidmət etmişəm. Orda bir neçə kiçik çaplı döyüşlər oldu. Düşmən bizim əraziyə girmişdi, onları da məhv etdik. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi imzası ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif olunmuşam”,-  deyə keçmiş döyüşçü bildirib.
 
Ərəstun Hacıyev İkinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollandığını bildirib.
 
"Döyüşə yollanmaq üçün müraciət etdim. Dedilər ki, polkovnik-leytenant rütbəsindəki topçuya ehtiyacımız yoxdur. Gərək bizə sifariş versinlər ki, sizi göndərək. Amma buna baxmayaraq 44 günün 44-nü də səngərdə əsgərlərimizin yanında oldum. Əsasən də topçuların. Onlarla məşğul olurdum, məşq etdirirdim. Döyüşün başlanması belə qalibiyyət idi. Addım-addım biz Qarabağımızı da işğaldan azad etdik. Birgünlük döyüşdə də şücayət göstərdik. Allah şəhidlərimizin məqamını uca etsin, qazilərimizin şəfasını versin. Bütün xalqımız bir oldu. Çox inamla xalq bir yerə toplandı. Rus sülhməramlılarının əzəli torpaqlarımızından çıxması da bizim qələbəmizi tamamladı”, - deyə o qeyd edib.
Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla