AZ

Ötən əsrdən Bakıya "əmanət" edilən tıxac: Qurtuluş yolu var?

“Urbanistikanı doğru tətbiq etməliyik ki, şəhərlərimiz rahat və təhlükəsiz olsun”.

Urbanist Anar Əliyev belə düşünür. O, müasir şəhər infrastrukturu, şəhərsalma, yol hərəkətinin təşkili və ictimai nəqliyyat haqqında Azərbaycanda ilk maarifləndirici layihə olan “İnsan yönümlü şəhərlər”in yaradıcısıdır. Müsahibimizin sözlərinə görə, adətən şəhərlər ya avtomobil yönümlü, ya da piyada yönümlü olurlar: “Avtomobil yönümlü şəhərlərdə ilk növbədə yollarda avtomobillərin rahat hərəkətinə şərait yaratmağa çalışılır. İnsanlar daha çox maşın alır, vəziyyəti daha da pisləşdirir. Yolların genişləndirilməsi də tıxac problemini həll etmir. Avtomobil yönümlü şəhər keçən əsrdə qalan təcrübədir.
İnsan yönümlü şəhərlər isə elə qurulurlar ki, ilk növbədə mobillik nəzərə alınır. Yəni insan istədiyi üsulla rahat və təhlükəsiz şəkildə gedəcəyi yerə çata bilir”.

Xarici təcrübədən istifadə etsək...

A.Əliyevin fikrincə, xarici təcrübədən istifadə etsək, Bakıda inkişafa nail olarıq: “London, Praqa, Budapeşt, Almaniyanın şəhərləri vaxtilə bizim kimi problemlər yaşayıb və 50 il sonra indiki müasir şəhərlərə çevrilə biliblər. İndi bu şəhərlərdə tıxaclar olsa belə, insanların hər zaman alternativi - yaxşı ictimai nəqliyyatı, velosiped yolları, piyada səkiləri var. Macarıstan, Polşa Rumıniya kimi ölkələr vaxtilə sovetlərin şəhərsalma prinsiplərini tətbiq etmişdilər. İndi onlar da geniş yollarda zolaqların sayını azaldır, daha çox velosiped yolları salırlar”.

Sovetlərdən qalan “miras”

Urbanist sovet şəhərsalmasındakı əsas səhvlərdən də danışdı: “Sovet dövründə belə bir tendensiya var idi ki, hər kəs nə vaxtsa maşın ala biləcək və avtomobillə rahat, təhlükəsiz hərəkət etməyə başlayacaq. Ona görə böyük sovet şəhərlərində geniş küçələr, prospektlər salmağa başladılar. SSRİ dağılandan sonra kütləvi avtomobilləşmə baş verəndə gördülər ki, həmin geniş prospektlər daha çox avtomobil cəlb edir və daha çox tıxac yaradır”.

Necə deyək ki, “maşını evdə qoy”

Həmsöhbətimiz dedi ki, insanlara komfortu və vaxtı eyni anda verə bilsək, tıxacları azalda bilərik: “Bakıda təxmini olaraq hər gün 2 milyon insan avtobuslardan, 600-800 min nəfər isə metrodan istifadə edir. Hər gün küçələrə minlərlə avtomobil çıxır. Velosipedlər və skuterlər ümumi nəqliyyatın heç beş faizini də təşkil etmirlər. İnsanlar harasa çatmaq üçün üç kriteriya - qiymət, komfort və vaxt üzrə seçim edirlər. Məsələn, bir nəfər iş yerinə maşınla yarım saata komfortlu durumda çatır. Əgər avtobus da məntəqəyə maşınla eyni vaxtda çatacaqsa, qiymət aşağı olsa da, insan komfortlu maşını seçəcək. Ona görə elə etmək lazımdır ki, avtobus iş yerinə maşından tez çatsın”.

“Əsas səbəb müasir avtobusların çatışmazlığıdır”

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla