AZ

Azərbaycanın növbəti siyasi-diplomatik ZƏFƏRİ: Qələbə tariximizə daha bir möhtəşəm səhifə yazıldı – TƏHLİL

 

2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması növbəti uğur hekayəsidir.

Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaratdı. Bu reallıq Heydər Əliyevin siyasi irsinin və Qalib Lider İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.
Azərbaycanın siyasi liderinin ardıcıl, məqsədyönlü və düzgün siyasətinin nəticəsində bir güllə belə atılmadan Ermənistanın işğal altında saxladığı kəndlərimiz dövlətimizin yuridiksiyasına keçir. Bu siyasət Cənubi Qafqazda Azərbaycanın liderlik mövqeyini bir daha artırır, bu bölgədə əsas söz sahibi olduğunu yenidən nümayiş etdirir.

Azərbaycanın 4 kəndinin boşaldılması prosesi 44 günlük Vətən müharibəsindən başlayan dörd illik zaman müddətində həyata keçirildi. Qazanılan nəticəni diplomatiya və siyasətin daha bir möhtəşəm Zəfəri adlandırmaq olar. Azərbaycan yeni diplomatik prosesdə önəmli söz sahibi olduğunu bir daha göstərdi. Bu siyasət Prezident İlham Əliyevin siyasi liderliyi və zəngin diplomatik bacarığı ilə öz həllini tapdı.

Azərbaycanın Qarabağda qazandığı Zəfərdən sonra başlanan yeni dövr daha geniş coğrafiyada, o cümlədən Cənubi Qafqazda və ümumilikdə regionu əhatə edən ölkələrdə qüvvələr balansına təsir edəcək. Bu kontekstdə Azərbaycanın qazandığı qələbə bölgədə 30 ildir tətbiq edilən “status-kvonu” sarsıtdığı görünür. Bu sarsıntı ilk növbədə Ermənistana aiddir. Ermənistanın xaricdən asılı şəkildə həyata keçirməyə çalışdığı işğalçılıq siyasəti bütün hərbi, siyasi və diplomatik dəstəyə baxmayaraq, iflasa uğradı. İrəvan administrasiyası hələlik bunun fərqində olmasa da, məlum olub ki, yeni dövrdə Azərbaycana rəğmən bu siyasəti davam etdirə bilməz və alacağı dəstəyə arxalanmamalıdır.

Bir çox siyasi şərhçilərin və analitiklərin də qeyd etdiyi kimi, 4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək. Bakı və İrəvan 4 kəndin Azərbaycana verilməsində razılaşma əldə ediblər. Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır.
Qeyd edək ki, bu proseslə Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir.

Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. İrəvan anlamağa başlayacaq ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanla danışıqlara başlamaqdan başqa yolu qalmır. Bu prosesə başlamağı uzatmağın da Ermənistan üçün faydası yoxdur. Ermənistan baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq.
İkinci Qarabağ müharibəsinin və ondan sonrakı yeni dövrün qlobal əksi Azərbaycanın qazandığı Zəfərdə və bu Zəfərdən sonra Prezident İlham Əliyevin apardığı diplomatik uğurlarda öz əksini tapıb.

Azərbaycanın müharibə zamanı istifadə etdiyi və Ordumuzun həyata keçirdiyi müharibə strategiyasının qlobal nəticələri var.

Başqa bir məqam isə Azərbaycanın qazandığı Zəfərin qlobal səviyyədə psixoloji və geosiyasi təsirləri ilə bağlıdır. Psixoloji nöqteyi-nəzərdən savaşın sonunda əldə edilən üstünlük Türk dünyası və İslam dünyasında da özünü göstərdi.

Azərbaycanın qazandığı bu qələbənin nəticəsində Cənubi Qafqazda tətbiq edilən “status-kvo” heç vaxt geri qayıtmayacaq transformasiyaya məruz qalır. Qarabağ Zəfəri Ermənistan üçün çox böyük miqyasda siyasi-psixoloji sarsıntı yaradıb. Bu zəfərin doğurduğu prosesin regional və qlobal əksi mövcud və yaranmaqda olan geosiyasi mübarizələrə öz təsirini göstərəcək.

Bu Zəfərdən sonra artıq Azərbaycanın Qarabağın bərpa prosesində quruculuq işlərinin daha geniş miqyas alacağına şahidlik edəcəyik. Bundan sonrakı mərhələdə öz yurdlarından köçkün düşmüş insanların doğma yerlərə qayıdışının daha da sürətlənməsi baş verəcək.

Azərbaycan tarixi günlərini yaşayır. Bu tarix son 200 ilin ən qürurverici və möhtəşəm hadisələri ilə zəngin olan Azərbaycanın Zəfər tarixidir. Bu tarixin yazılmasının altındakı imza Azərbaycan Prezidenti İlham Əliyevin imzasıdır.

Nəsimi Ələsgərli

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla