AZ

"Bu tarixi qələbələr bizə savaş açanların acı məğlubiyyətidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin delimitasiya prosesinin tərkib hissəsi kimi Azərbaycana qaytarılması, Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti töhfəsi, dövlətimizin, xalqımızın növbəti qələbəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçiləndə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini bərpa edəcəyinə, bir qarış torpağımızın belə kimsəyə güzəştə gedilməyəcəyinə and içmişdi və biz, bu andın hər kəlməsinin addım-adım, məharətlə, qətiyyət və yüksək siyasi iradə, zəka nümayiş etdirilərək həyata keçirildiyinin şahidi oluruq: "Tarixi günlər yaşayırıq və düşünürəm ki, bu tarixi hadisələrə şahid olmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük xoşbəxtlikdir.

Son bir neçə gün ərzində Azərbaycan iki tarixi nəticə əldə edib, bölgədənkənar qüvvələrin oyunlarını pozub, Ermənistanla birbaşa təmaslar yolu ilə nəticə əldə etməyin mümkünlüyünü bir daha sübuta yetirib. Azərbaycanın uğurları üzərinə şübhə toxumu səpməyə çalışan xəyanətkarların və onları idarə edənlərin ümidlərini puça çıxarıb, xalqın mənafeyinə xidmət edən uğurlu siyasətin növbəti səlnaməsini yazıb".

Ölkəmizin göz önündə olan uğurlarına xarici maraqların “şüşə”si arxasından baxan, “Rusiya sülhməramlıları Azərbaycan ərazilərini heç vaxt tərk etməyəcəklər” kimi iddiaları ilə ictimai rəyi çaşdırmağa çalışan, “Kəndlər necə oldu?” və s. bu kimi “nə oldu”, “necə oldu” sualları ilə tarixi qələbələrimizi kiçiltməyə çalışanların görəsən indi özləri necədirlər? Nə olduqları onsuz da bəlli idi...

Şübhəsiz ki, Prezident İlham Əliyevin işıqlı zəkası, strateji düşüncəsi, yüksək diplomatik məharəti, qətiyyəti nəticəsində son bir neçə gün ərzində nəticəsi göz önünə sərgilənən qələbələr, təkcə ölkəmizin deyil, bütövlükdə regionun firavan, təhlükəsiz gələcəyi üçün mühüm önəm daşıyır. Bu tarixi qələbələr, Azərbaycan xalqının milli iradəsinin təntənəsi, bizə qarşı savaş açanların acı məğlubiyyəti, xarici maraqların muzdlu ifadəçilərinin əbədi rüsvayçılığıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla