AZ

“Ermənilərin və azərbaycanlıların bir kənddə yaşaması...” - Deputatdan açıqlama

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yerli KİV-lərin birinə verdiyi müsahibədə qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması mövzusuna münasibət bildirib. Millət vəkili ermənilər və azərbaycanlıların yenidən kompakt yaşamasının iki millət arasında münaqişəni təkrar alovlandıra biləcəyini diqqətə çatdırıb. 

Qüdrət Həsənquliyev bu səbəbdən qərbi azərbaycanlıların və ermənilərin yenidən hər iki ölkəyə qayıdışının tərəfdarı olmadığını bildirib. Deputatın açıqlaması isə cəmiyyətdə bir çox insan, xüsusən, vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hazırda bu mövzuda müxtəlif yanaşmalar mövcuddur: 

“Bu mövzuda müxtəlif yanaşmalar var və bunların hər biri nəzərə alınmalıdır. Çünki biz hazırda bu məsələdə yol axtarışındayıq. Burada strategiya təbii ki, insanların əvvəllər yaşadıqları əraziyə qayıtmasıdır. Əlbəttə, ilk öncə təhlükəsizlik tam təmin olunmalıdır ki, belə bir münaqişə baş verməsin. Bizim hədəfimiz itirilmiş torpaqlara qayıdıb orada məskunlaşmaqdır. Biz bu iddianı heç vaxt gözardı edə bilmərik. Çünki illərdir qərbi azərbaycanlılar məhz bu istiqamətdə kökləniblər. Bu baxımdan təbii olaraq əsas məsələ təhlükəsizliklə bağlıdır”. 

Deputat qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün ilk öncə təhlükəsizliyin təmin olunmalı olduğunu qeyd edib: 

“Amma 100 faiz zəmanət verildikdən sonra belə bir addım atıla bilər. Düzdü, burada söhbət eyni kənddə ermənilərin və azərbaycanlıların yaşamasından  getmir, amma bəlli kəndlərdə azərbaycanlıların yaşaması baş tuta bilər. Hər halda, biz bu hədəfi kənara qoya bilmərik. Biz ora qayıtmalıyıq, amma bu addım tam təhlükəsizlik təmin edildikdən sonra atılmalıdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
136
Mənbələr
Şərh ()
Bağla