AZ

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

Təhqiqat

Bakı, 20 aprel, AZƏRTAC

Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar zəruri addımlar atılır.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, narkotiklə bağlı ictimaiyyətdə, mediada yayılan istənilən xəbər polis orqanları tərəfindən ən ciddi şəkildə yoxlanılır: “Yutub, instaqram və feysbuk səhifələrində zərərli vərdişləri təbliğ edən və izləmə sayı hətta bir milyonu ötən belə mahnıları təbliğ edənlər barədə əməliyyat tədbirləri keçirilib. Araşdırma nəticəsində məlum olub ki, həmin mahnıların yaradıcıları özləri də narkotik vasitələrin istifadəçiləridir. Zərərli vərdişlərin təbliğinə həsr olunan mahnılar sosial şəbəkələrdən silinməsi və həmin mahnıları təbliğ edən ifaçılarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb”.

N.Aydınoğlu müxtəlif sosial şəbəkələrdə bəzi kriminal ünsürləri təbliğ edən səhifələr barədə də danışıb: “Sözsüz ki, biz belə səhifələrlə rastlaşırıq. Hətta son vaxtlar bir az “irəli gedərək” narkotik vasitələrin sosial şəbəkələr vasitəsilə onlayn şəkildə satışı həyata keçirilir. Həmin səhifələrin bağlanılması, onları idarə edən narkoadminlərin ölkəmizdəki havadarlarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar da zəruri addımlar atılır. Tədqiqatlar göstərir ki, belə fəaliyyətlə məşğul olan narkoadminlərin əksəriyyəti xaricdədir. Xaricdə yaşadıqlarını müəyyən etdiyimiz təqdirdə həmin ölkənin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlıq sayəsində onların həmin ölkədə saxlanılmasına və Azərbaycana gətirilməsinə nail oluruq. Azərbaycan vətəndaşı olmadığı təqdirdə isə yaşadıqları ölkədə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə çalışırıq”.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlunun AZƏRTAC-a müsahibəsinin geniş variantı ilə bir qədər sonra tanış ola bilərsiniz.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla