AZ

“Bu halda sülh müqaviləsinin imzalanması prosesi daha da yaxınlaşa bilər”- Millət vəkili

“Bu gün Cənubi Qafqazda müsbət meyllər inkişaf etməkdədir. Rusiya və Türkiyə regiona sülhün gəlməsinə xidmət edən addımlar atır. Belə ki, Rusiya sülhməramlıları ərazilərimizi tərk etdi, Qarabağda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi fəaliyyətini dayandırdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan artıq Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqları qəbul etməyə başlayıb:

“Belə ki, Qazax rayonunun 4 kəndi qaytarılır, sərhədlərin delimitasiya prosesinə başlanılır, sülh müqaviləsinin imzalanması ilə bağlı pozitiv notlar səsləndirilir və Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlər bildirilir. Bütün baş verən son hadisələr regiona davamlı sülhün gəlişini sürətləndirir. Amma təəssüf ki, Qərb Cənubi Qafqaza sülhün gəlişini hər vasitə ilə əngəlləməyə çalışdı. Bu baxımdan Ermənistanı silahlandırması, Brüssel görüşü və Qərbin digər hərəkətləri regiona davamlı sülhün və əməkdaşlığın gəlişinə kölgə salınmasına növbəti cəhdlərdir.

Amma bütün bu məsələlərin fonunda Qazaxın 4 kəndinin qaytarılmasını çox müsbət addım hesab edirəm. Qərb ümumiyyətlə regionumuzdan kənarda durmalıdır. Kənar dairələrin müdaxilələri davam etməzsə, Azərbaycanla Ermənistan öz aralarında dil tapa biləcəkdir. Belə ki, ölkələrimiz arasında aparılan ikitərəfli danışıqlar da müsbət nəticələnər. Bu baxımdan Ermənistan reallığı düzgün dəyərləndirərək ikitərəfli münasibətlərin inkişafına xidmət edən addımlarına davam etdirərsə, sülh müqaviləsinin imzalanması prosesinə də daha da yaxınlaşa bilərik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla