AZ

“Yenidən Premyer-liqada çıxış etmək məni həvəsləndirər” - Tural Qurbatov təklif gözləyir

Mövsümün birinci yarısında 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində qolları sıralamaqla bombardirlər yarışına başçılıq edən Tural Qurbatov son vaxtlar susqundu.

Bunun səbəbini öyrənmək üçün özü ilə əlaqə saxladıq. Tural bəy “Football-plus.az”la söhbətdə həm məhsuldarlığının aşağı düşməsinə aydınlıq gətirdi, həm də gələcək planlarından danışdı.

- Hazırda “Şahdağ Qusar” turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Hədəf nədi?

- Bəli, hazırda 4-cü pillədəyik. Amma məqsədimiz bura deyil. Birinci olmaq istəyindəyik. Aradakı xal fərqi də çox deyil. Çempionata yaxşı başlaya bilməsək də, son 3 turu qələbə ilə başa vururuq. Komanda tam formadadı. Hədəfimiz birincilikdi. Heç nə üçün gec deyil. Ən pis halda 2-ci yerdə bitirə bilərik. Hər şey öz əlimizdədi

- Hazırda bombardirlər sırasında 24 qolla birincisən. Maraqlıdı ki, qollardan 21-ni mövsümün ilk yarısında, 3-nü isə qış fasiləsindən sonra vurmusan. Performansında eniş var, yoxsa bilmədiyimişbaşqa səbəblər üzündəndi?

- Mövsümün ilk yarısı mənim üçün çox uğurlu keçdi. Yaranan epizodlarda qol vurub komandama fayda verə bilirdim. Sırf bombardirlik üçün oynamamışam. İstəyim ilk növbədə komandama kömək etmək olub. Bombardirliyi də, əlbəttə, istəyərdim. Performansımda eniş olduğunu qəbul etmirəm. Hələ də birinciyəm və bunu əldən vermək istəmirəm. Mövsümün bitməsinə isə 5 tur var. Yenə fərqlənə bilərəm.

- Mövsümün sonlarına doğru yaxınlaşırıq. Təkliflər varmı?

- Hazırda heç bir təklifim yoxdu. Bu barədə düşünmürəm də. Fikrim növbəti oyunlarda qələbə qazanmaqdı. Çempionatı yaxşı yerdə bitirək, ondan sonra təklif olsa, dəyərləndirərəm.

- Daha əvvəl “Kəpəz”də və “Sabah”da forma geymisən. O komandalardan təklif gözləyirsənmi və yaxud gəlsə, necə qarşılayarsan?

- Bəli, həmin klublarda vaxtilə çıxış etmişəm. Amma indi təklif yoxdu. Olsa, çox sevinərəm.Yenidən premyer-liqada çıxış etmək məni həvəsləndirər. Arzu edərdim yenidən elitada oynayım.

- “Xəzər Lənkəran”ın dönüşü gözlənilir. İkinci dəfə orda forma geymək istərdin?

- Bu xəbərləri mən də çox eşidirəm. Ümid edirəm ki, “Xəzər Lənkəran”nı yenidən çempionatda görərik. Həm azarkeşlər, həm də komanda çempionata rəng qatar.

RÖYANƏ OĞUZ

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla