AZ

Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni günə təsadüf edəcək.

Əvvəlcə, “Qəbələ” öz meydanında “Zirə”ylə üz-üzə gələcək. Zirədə baş tutmuş ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlmişdilər. Premyer Liqada aşkar autsayder olan və elitanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşmiş “Qəbələ” bütün ümidini kuboka bağlayıb. Kubok komandası kimi tanınan əyalət təmsilçisi mərhələ adlamaq üçün ya inamlı qələbə qazanmalı, ya da oyunu penaltilər seriyasına daşıyıb, 11 metrlik zərbələri dəqiq yerinə yetirməlidir. Premyer Liqanın turnir cədvəlində üst pillələrdə qərarlaşmış “Zirə”yə isə kubokda finala çıxmaq üçün Qəbələdə heç-heçə də bəs edəcək.

Günün digər oyununda Premyer Liqada çempionluğu təmin etmiş “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə qarşılaşacaq. Ağdam təmsilçisi səfərdə baş tutmuş ilk oyununda əzəli rəqibinə 4:0 hesabıyla qalib gəlib və demək olar ki, finala vəsiqəni təmin edib. Amma paytaxt klubunun möcüzə üçün şansını yoxlayacağı istisna deyil.

Qeyd edək ki, Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması iyunun 2-də keçiriləcək. Həlledici görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarını hələ bu ilin mart ayında açıqlamışdı.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel

17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.

20:00. “Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla