AZ

Qurban Qurbanovun arzusu, “Qəbələ”nin ümidi

Azərbaycan Premyer Liqasında çıxış edəcək komandaların sayının artırılması məsələsi gündəmdən düşmür.

İdman.biz xəbər verir ki, yekun qərar mayda AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Bu məsələ ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Komanda sayının 12 və ya 14-ə kimi artırılması gözlənilir. Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə cavab oyunundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu məsələyə münasibət bildirib: “Bundan öncə də bildirmişdim ki, komanda sayı artırılmalıdır. Amma əsas olan keyfiyyətdir. Say artdığı halda, yeni gələcək klubun stadionu və nəyisə olmasa, alınmayacaq. Bunu 2-3 ilə düzəldərik fikri ilə yanaşsaq belə nəticə yaxşı olmayacaq. Hər bir halda mən komanda sayının çoxalmasının tərəfdarıyam. Belə olduğu halda futbola sevgi artacaq, azarkeşlərimiz çoxalacaq”.

Uzun illər “Qarabağ”a başçılıq edən və çempionatımıza yaxşı bələd olan Qurbanov da klub sayının artırılmasının lehinədir. Təcrübəli mütəxəssis bildirdiyi kimi, yalnız sayla iş bitməyəcək. Çempionatın hansı sistemdə keçiriləcəyi, yeni klubların maddi-texniki bazasının hansı səviyyədə olacağı böyük şübhə doğurur. Hazırda 4 dövrədən ibarət Premyer Liqa say artacağı təqdirdə fərqli formatda baş tutmalıdır. Bu zaman ideal variantı tapmaq üçün heç də asan olmayacaq. Məhz bu amillər qərar verilərkən yüz ölçülüb, min biçilməlidir.

Digər geniş müzükirə olunan məsələ çempionatda idman prinspilərinin qorunmasıdır. Sonuncu pillədə qərarlaşan “Qəbələ”nin növbəti turda Premyer Liqanı tərk etməsi rəsmiləşə bilər. Əksəriyyət klubun ölkə futbolundakı xidmətlərini nəzərə alaraq, bölgə təmsilçisinin əsas liqada qalmasını arzulayır. Bu isə Əsasnamənin pozulmasına və əlavə söz-söhbətlərə meydan aça bilər. Klub rəhbərliyi də çempionatda komanda sayı artırılacağı təqdirdə “Qəbələ”yə güzəşt olunmasına ümid edir. Amma qəbələlilərin gürcüstanlı baş məşqçisi Kaxaber Tsaxadadze “Zirə” ilə cavab oyunundan sonra ümidsiz danışıb: “Deyiləcək sözüm yoxdur. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir”.

Göründüyü kimi, İcraiyyə Komitəsi də dillema qarşısında qalıb: Çempionatda komanda sayı neçə olsun? Premyer Liqa hansı formatda keçirilsin? “Qəbələ”yə güzəşt edilsinmi?. Məhz bu üç sualın cavabını tapmaq heç də asan olmayacaq.

İdman.biz

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla