AZ

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Zaqreb, 25 aprel, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhəri Milli Kitabxanasında “İrs” beynəlxalq jurnalının xorvat dilində ilk buraxılışının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, dövlət qurumlarının rəsmiləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə səfir Anar İmanov xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, milli-mədəni irs nümunələrinin təbliğində, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “İrs” jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin fəaliyyətini yüksək qiymətləndirib. Səfir mədəni irsimizin və dəyərlərimizin dünya xalqları arasında təbliğ olunmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdıraraq, “İrs” jurnalının xorvat dilində nəşr olunmasının Azərbaycan reallıqlarının dost ölkədə yayılması baxımından böyük əhəmiyyət kəsb etdiyini və ölkəmizi daha da yaxından tanımaları üçün zəmin yaradacağını vurğulayıb.

Tədbirdə çıxış edən “İrs” beynəlxalq jurnalının baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Musa Mərcanlı jurnalın xorvat dilində nəşr olunmasının iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Baş redaktor qeyd edib ki, 20 dildə və bir çox ölkədə yayılan jurnalın nəşr olunmasında əsas məqsəd ölkəmizin milli–mədəni mirasını həmin xalqların dillərində təqdim etmək, onları xalqımızın dərin tarixi və mədəniyyəti haqqında məlumatlandırmaqdır. O, həmçinin jurnalda yer alan yazıların kitab şəklində çap olunması ideyasının həyata keçirilməsində “Paşa Həyat Sığorta”nın böyük dəstək göstərdiyini, bu məqsədlə indiyə qədər 10-a yaxın nəfis tərtibatlı kitabın nəşr olunduğunu söyləyib.

"Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi Vəli Məmmədov şirkətin uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial layihələrə böyük diqqət yetirdiyini məmnuniyyətlə qeyd edib. O, ölkəmizin təbliği üçün indiyə qədər çoxsaylı kitabların nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində “İrs” nəşr evinin "Paşa Həyat Sığorta" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr edilmiş Azərbaycanın həqiqətlərini əks etdirən kitablar, o cümlədən “Şuşa”, “Qarabağ-əsrlərin salnaməsi”, “Qədim qalanın yuxuları”, “Bakı simfoniyası”, “Qobustan–minilliklərin kitabı”, “Məftun edən şəhər”, “Naxçıvan–Şərqin əfsanəsi” və bu kimi digər kitablar Xorvatiya Milli Kitabxanasına, eləcə də tədbir iştirakçılarına hədiyyə olunub.

Tədbirdə Azərbaycanın mədəni irsini əks etdirən fotosərgi nümayiş olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

Seçilən
131
Mənbələr
Şərh ()
Bağla