AZ

Lider çətin, izləyiciləri asan sınaq qarşısında! - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 23-cü tura start verilir.

İki gün ərzində keçiriləcək oyunların hamısı PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

İlk matçda “Araz Saatlı” “Karvan”ı qəbul edəcək. Rüfət Quliyevin komandası 1-ci liqanı tərk etmək təhlükəsiylə üz-üzədi. Oyunun meydan sahibləri üçün müsbət nəticəylə tamamlanması məhz bu üzdən vacibdi. Hiss olunur ki, uğursuz mövsüm kollektivi ruhdan salıb. Buna baxmayaraq, toparlanmaq və 9-cu pillədəki “Difai Ağsu”nu qabaqlamaq lazımdı. Bir ara ardıcıl qələbələrə imza atan, iddialı rəqibləri büdrədən “Karvan” isə hədəfdən uzaq düşüb. Yevlax təmsilçisinin çempionluq ehtimalı sıfra bərabərdi. Lakin mübarizə davam edir. Ona görə ki, mövsümü mümkün qədər yüksək yerlərdən birində başa vurmaq vacibdi. Kənan Kərimovun komandası ötən həftə lideri devirə bilməsə də, autsayderlə oyunda sərfəli nəticə qazana bilər.

İkinci görüşdə çempionluğa iddialıların çarpışmasına şahidlik edəcəyik. “Qaradağ Lökbatan” “doğma divarlar” arasında MOİK-i sınağa çəkəcək. Azər Həşimovun yetirmələri meydana liderliyini möhkəmləndirmək üçün çıxacaq. 8 oyunluq məğlubiyyətsizlik seriyaya malik kollektiv bu dəfə də büdrəmək istəməyəcək. Lökbatanlılar ən yaxın izləyicisi “İmişli”ylə xal fərqinin azalmasına imkan verməməlidi. Həmçinin MOİK-ə qalib gəlmək əsas rəqiblərdən birinin ciddi zərbə almasıyla nəticələnəcək. Odu ki, məqsəd mütləq qələbə qazanmaq olacaq. Ordu klubunun durumu isə ürəkaçan deyil. Buna baxmayaraq, Qəzənfər Abbasovun hələ də çempion olmaq istədiklərini iddia edir. “Hərbçilər” “sözünün ağası” olmaq üçün çempionatın “ağa”sından güclü olmağa məcburdu.

“İmişli” “Zaqatala” ilə üz-üzə gələcək. Birincilərin meydanında keçiriləcək oyun Əsgər Abdullayevin komandası üçün həlledici olacaq. Favoritin “İmişli” olduğunu deyə bilərik. Lakin “Zaqatala” dəfələrlə sürpriz nəticələrlə gündəmə gəlib. 22-ci turda “Difai Ağsu”nu yenə bilməyən “İmişli” üçün növbəti xal itkisi fiasko olacaq. Qonaqlar ortabablar sırasındadı. Zaqatalıların nə itirəcəyi, nə də qazanacağı bir şey var.

Növbəti matçda “Şamaxı” “Difai Ağsu”nu qəbul edəcək. “Şirlər”in son turlarda yıxılıb-durduğundan xəbərdarıq. Ramiz Məmmədovun komandası sabit nəticələr qazanmaq baxımından çətinliklə üzləşib. İndi bütün uğursuzluqları kənara qoyub, liderin izləyiciləri mövqeyindən yapışmaq lazımdı. Axı daha bir səhv çempion olmaq ehtimalını xeyli azaldacaq. “Şamaxı” buna ən azı “doğma divarlar” amilinə görə razılıq verməmlidi. “Difai Ağsu” isə “Araz Saatlı”nın ona çatacağından ehtiyatlanır. Belədə nəinki rəqibin kimliyindən çəkinmək, bütün oyunlarda sona qədər vuruşmaqdan başqa çarə qalmır.

Tura “Mingəçevir” – “İrəvan” oyunuyla yekun vurulacaq. Meydan sahibləri mövsüm ərzində “dişə vurulası” uğurla yadda qalmayıb. Əksər hallarda “boynubükük” olan komanda nisbətən zəif rəqiblə mübarizədə daha şanslı tərəfdi. Rəqibin xaos bataqlığında üzən “İrəvan” olması “Mingəçevir” üçün motivasiya mənbəyi olmalıdı. “İrəvan”a gəlincə, ehtiyat oyunçular skamyası, demək olar ki, boşdusa, deməyə söz qalmır. Nazim Süleyamnovun komandası son 7 turda uduzub. Heyət probleminə və oyunla bağlı problemlərə əsasən deyə bilərik ki, “İrəvan”ın nəfəsi getdikcə tükənir...

25 aprel

Araz Saatlı – Karvan
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.

Qaradağ Lökbatan – MOİK
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

İmişli – Zaqatala
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 16.00.

26 aprel

Şamaxı – Difai Ağsu
Şamaxı. Şəhər stadionu. Saat 15.30.

Mingəçevi – İrəvan
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 16.00.

Xal durumu: Qaradağ Lökbatan – 48, İmişli – 43, Şamaxı – 42, MOİK – 41, Karvan – 32, Zaqatala – 26, İrəvan – 23, Mingəçevir – 22, Difai Ağsu – 17, Araz Saatlı – 10.

Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 12.

KƏNAN BAHADIR

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla