AZ

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

“Sabah”ın

Bakı, 25 aprel, AZƏRTAC

“Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik. Çünki Azərbaycan Kubokunda irəli gedə bilmədik, çempionatda isə mübarizə davam edir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol komandasının üzvü Endər Poladxanlı ardıcıl ikinci dəfə ölkə çempionatının müntəzəm mövsümünü birinci pillədə bitirmələri barədə danışarkən deyib.

Kapitan mövsümün əsas hissəsinin bundan sonra başladığını bildirib: “Müntəzəm mövsümü birinci pillədə başa vurmaq xoşdur. Ancaq hər şey qarşıdadır. Bəlkə bəzi insanlar “Sabah”ın büdcəsinin və heyətinin yaxşı olduğunu düşünüb yarışın asan keçdiyini söyləyə bilər. Lakin belə deyil. Mövsümün gedişində məşqçi dəyişikliyi oldu. Bu kimi hallar komandanın çıxışına da təsir göstərdi. İndi daha yaxşı səviyyədə hazırlaşıb hədəfə çatmaq istəyirik”.

O, liqada çempionluq uğrunda mübarizə aparan əsas rəqiblərinin adlarını da açıqlayıb: “Neftçi”, “NTD-İndiqo” və “Xəzri” bu mövsüm əsas rəqiblərimizdir. Biz mübarizəyə yarımfinaldan qoşulacağıq. 1/4 finalda baş tutacaq “Neftçi” - “Xırdalan” cütünün qalibi ilə qarşılaşacağıq. “Ağ-qaralar” oyunun favoriti hesab edilsə də, “Xırdalan”dan sürpriz gözləyirəm. Ancaq müntəzəm mövsümə nəzər yetirsək, bizim üçün çətin komandanın “Neftçi” olduğunu görə bilərik. Çünki onlara məğlub olmuşuq”.

Azərbaycan Kubokunda mübarizəni erkən dayandırmalarına da toxunan basketbolçu bəxtsizlik amilini vurğulayıb: “Kubok bizim üçün vacib idi. Təəssüf ki, həmin vaxt baş məşqçi Rimas Kurtinaytisin ayağında problem yaranmışdı. Həm də komandaya təzə gəlib və yeni sistemə uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac var. Lakin kubokdakı uğursuzluğu məşqçi ilə də əlaqələndirmək düzgün çıxmaz”.

E. Poladxanlı Azərbaycan çempionu olaraq yenidən Avropada tarix yazmaq istədiklərini deyib: “Ötən mövsüm Azərbaycan basketbolu tarixində ilkə imza atdıq və FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazandıq. Yenidən bu uğuru təkrarlamaq istəyirik”.

Qeyd edək ki, “Sabah” 33 xal toplayaraq müntəzəm mövsümü birinci pillədə bitirib.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla