AZ

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

Gürcüstan

Tbilisi, 25 aprel, AZƏRTAC

Gürcüstan prokurorluğu Fransa, İsveçrə və Litvanın səlahiyyətli orqanlarının iştirakı ilə irimiqyaslı transmilli cinayətin üstünü açıb. Mütəşəkkil cinayətkar dəstənin dörd üzvü saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Bildirilir ki, Eurojust təşkilatının dəstəyi ilə yaradılmış beynəlxalq istintaq qrupu tərəfindən keçirilən əməliyyatın məqsədi Avropa ölkələrinin kitabxanalarından oğurlanmış bahalı kitabların tapılması olub.

İstintaqla müəyyən olunub ki, 2022-ci ilin əvvəlindən Gürcüstan vətəndaşları mütəşəkkil cinayətkar qrup yaradaraq, XIX əsrə aid müxtəlif müəlliflərin bahalı kitablarını Avropa miqyasında gizli şəkildə ələ keçiriblər. Mütəşəkkil dəstənin üzvləri saxta şəxsiyyət vəsiqələrindən, qondarma ad və soyadlardan, habelə əvvəlcədən hazırlanmış saxta kitab nümunələrindən istifadə edərək, orijinalları dəyişdiriblər.

Həmin şəxslərə aid mənzillərdə böyük məbləğdə pul və yüzlərlə oğurlanmış kitab aşkarlanıb.

Əvvəlcədən hazırlanmış cinayət planına əsasən, mütəşəkkil dəstənin üzvləri XIX əsrin klassik yazıçılarının kitablarını oxumaq üçün Fransa, Almaniya, Latviya, Litva, Estoniya, İsveçrə, Polşa Çexiya və digər ölkələrin milli və universitet kitabxanalarına götürməli idilər. Dəstə üzvləri onları gizli şəkildə ələ keçirərək orijinal kitabları yüksək keyfiyyətli saxta nüsxələrlə əvəz ediblər.

Bu yolla 2022-2023-cü illərdə Avropanın müxtəlif şəhərlərindəki kitabxanalardan ümumilikdə yüz minlərlə avro dəyərində olan kitablar gizli şəkildə ələ keçirilib.

Saxlanılan şəxsləri 6 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla