AZ

AÇ-2024-ün hakimləri açıqlandı

Avropa çempionatının startına 2 aydan da az vaxt qalıb.

“Football-plus.az” xəbər verir ki, srağagün UEFA qitə turnirində oyunları idarə edəcək hakimlərin adlarını açıqladı. UEFA-nın Hakimlər Komitəsi iyunun 14-də Almaniyada start götürəcək turnir üçün 18 hakim seçib. Həmin hakimlər bunlardı: Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), Daniel Zibert, Feliks Tsvayer (hər ikisi Almaniya), Entoni Teylor, Maykl Oliver (hər ikisi İngiltərə), Kleman Turpen, Fransua Letesye (hər ikisi Fransa), Artur Diaş (Portuqaliya), Xesus Xil Mansano (İspaniya), İştvan Kovaç (Rumıniya), Slavko Vinçiç (Sloveniya), İvan Krujlyak (Slovakiya), Sandro Şerer (İsveçrə), Danni Makkeli (Niderland), Xəlil Umut Meler (Türkiyə), Qlenn Nyuberq (İsveç), Şimon Marçinyak (Polşa).

Bundan başqa, UEFA ilə KONMEBOL arasındakı anlaşmaya əsasən argentinalı ədalət təmsilçisi Fakundo Telyo da köməkçiləri ilə bilrikdə AÇ-2024-ün oyunlarına təyinat alacaq. Siyahıda türkiyəli hakim Xəlil Umut Melerin də olması sevindiricidi haldı. Xatırladaq ki, Türkiyə uzun illər böyük turnirlərdə Cüneyt Çakırla təmsil olunsa da, DÇ-2022-yə qardaş ölkədən heç bir ədalət təmsilçisi dəvət almamışdı. Xəlil Umut Melerə Mustafa Əmrə Əyisoy və Kərəm Ərsoy kömək edəcək. Alpər Ulusoy isə VAR hakimi olacaq. 2017-dən bu yana FİFA dərəcəli hakim olan 37 yaşlı Meler indiyə qədər Türkiyə çempionatında 167, avrokuboklarda 34 oyun idarə edib. DÇ-2022-də hakimlər arasında qadına da rast gəlmək mümkün idi. Fransalı Stefani Frappar mundiala təyinat alan ilk qadın hakim kimi tarixə düşmüşdü. Amma bu dəfə UEFA qadın hakimə ehtiyac duymayıb.

Onu da bildirək ki, qarşıdakı turnirdə komandalara iştirak ərizəsinə 26 futbolçunun adını salmağa icazə veriləcək. Bu, UEFA-nın İcraiyyə Komitəsində aparılan səsvermənin nəticəsidi. AÇ-2020-yə qədər nəhəng turnirlərdə, adətən, iştirak ərizəsinə 23 futbolçu salınırdı. Amma AÇ-2020-də UEFA pandemiya ilə əlaqədar olaraq təqvimin sıxlaşdığını nəzərə alaraq komandalara iştirak ərizəsini genişləndirmək fürsəti yaratmışdı. Bir ildən sonra FİFA da DÇ-2022-də bu qaydanı qüvvədə saxlamışdı. Çoxları AÇ-2024-də 23 nəfərlik limitin geri qaytarılacağını gözləyirdi. Amma aprelin əvvəllərində Düsseldorfda keçirilən yığma məşqçilərinin toplantısı zamanı 26 nəfərlik iştirak ərzisəinin qüvvədə qalması təklif olundu. Göründüyü kimi, UEFA bu təklifi müsbət qarşılayıb.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla