AZ

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Türkiyə

Bakı, 25 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin uğurları, qazandıqları nailiyyətlər hər birimizi sevindirir. Azərbaycanın 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etməsinin ardınca Şimali Kipr Türk Respublikasının bugünkü toplantıda bizimlə birgə olması qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səsləndirib.

Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının bütün Türk dünyası üçün faydalı olacağına inandığını dilə gətirən TBMM-in komitə sədri deyib: “Hazırda regionda sülhün, sabitliyin bərqərar olunması, bir sözlə, Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində çox ciddi işlər görülür. Düşünürəm ki, bir və həmrəy olduğumuz təqdirdə bizi narahat edən problemləri də rahatlıqla və tez həll edə bilərik. Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması uğrunda güclərimizi birləşdirməli və səylərimizi artırmalıyıq”.

Fuat Oktayın sözlərinə görə, Türk dövlətlərinin birliyi hər hansı ölkəyə təhdid kimi qəbul edilməməlidir: “Bizim məqsədimiz ortaq dəyərlərə malik xalqlarımızın həmrəyliyini daha da gücləndirmək, həmçinin regionda sülhə nail olunmasıdır. Təbii ki, Türk dövlətlərinin birliyi bölgədəki digər ölkələrin, xalqların rifahının yaxşılaşdırılmasına töhfə verəcək”.

“Türk Dünyası 2040 Vizyonu” proqramının əhəmiyyətindən danışan TBMM-in komitə sədri deyib: “Azərbaycana bundan əvvəlki səfərlərimizin birində Prezident İlham Əliyevlə görüşəndə o bildirdi ki, bu birliyə parlamentləri də cəlb edək. Yəni, bu, əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsində parlamentlərarası əlaqələr baxımından faydalıdır. Budur artıq, Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədi hazırdır. Biz bu proqram üzərindən işlərimizi davam etdirir və 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik. Hər şeyin yaxşı olacağına, məqsədlərimizə çatacağımıza inanırıq. Bakıda keçirilən iclasın davamı gələcək. Təbii ki, regionda və dünyada sülhün, əmin-amanlığın təmin olunmasını istəyirik və düşünürəm ki, Bakıdakı toplantımız və bundan sonra keçiriləcək iclaslarımız bu işə öz töhfəsini verəcək”.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla